31 Oktyabr 2014 14:45
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspert: “Ad dəyişmək keyfiyyətə təsir edə bilməz”

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində pedaqoji kadrlara olan tələbatı nəzərə alaraq yenidənhazırlanma təhsili üzrə ixtisasların sayını artırıb və yeni ixtisaslar üzrə müəllim hazırlıqlarına başlayıb. Bunlar riyaziyyat-informatika, kimya-biologiya, tarix-coğrafiya ixtisaslarıdır.

Eyni zamanda, ilk dəfə olaraq rus bölmələri üçün ixtisaslı müəllimlərin hazırlığı məqsədilə yenidənhazırlanma müəssisələrində ibtidai sinif müəllimi ixtisası üzrə təlimlərin təşkili planlaşdırılır.
Qeyd edək ki, son illərdə yenidənhazırlanma təhsili ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat, xarici dil, psixologiya və məktəbəqədər təhsil ixtisasları üzrə aparılıb.

Təhsil nazirliyi bəyan edir ki, hazırda insan potensialının inkişafını, kadrlara olan real tələbatın daha dinamik və çevik surətdə ödənilməsini təmin etmək məqsədilə kadrların yenidənhazırlanma təhsilinin məzmunu, forması, təşkili və yekun attestasiyası qaydalarında ciddi dəyişikliklər edilməsi istiqamətində iş həyata keçirilir.

Pedaqoji profilli ixtisaslar üzrə yenidənhazırlanma təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetində aparılır.

Müəllimin yenidənhazırlanması, yoxsa vaxt itkisi?

Təkmilləşmə kurslarında iştirak edən müəllimlərin əksəriyyəti isə bu tədbirlərdə iştirakı havayı vaxt itkisi hesab edir və ixtisaslaşmada onlara lazımı dəstək verilməməsindən şikayətlənir.

Bununla bağlı Azərbaycan Müəllimlər İnstitutu ilə əlaqə saxladıq. Hazırda bu işlərin necə icra olunması ilə maraqlandıq. AMİ-nin rektoru Aqiyə Naxçıvanlı bizi instituta dəvət etdi və bu sahədəki yeniliklərlə əyani tanış olmağımızı tövsiyə etdi.

Gələn saylarımızda AMİ-də müəllimlərin yenidənhazırlanması ilə bağlı reportajı oxucularınızın diqqətinə çatdıracağıq.

Təkmilləşdirmədən anlayışı olmayan “öyrədir”

Təhsil Tədqiqatları Mərkəzinin rəhbəri Əlövsət Sadıqlının bildirdiyinə görə, müəllimlərin təkmilləşdirilməsi sovetlər dönəmində 5 ildən bir həyata keçirilirdi: “Hazırda müəllimlər 3 ildən bir növbə ilə kursa göndərilirlər. Bu işlə dövlət təşkilatları ilə yanaşı, bəzi QHT-lər məşğul olur. Məsələn, ”Mədət" MMC təhsilə aid müəyyən proqramları həyata keçirir. Təəssüf ki, bu proqramları icra edənlərin bəzisinin həmin proqramlardan dərin anlayışı olmadığı üçün, müəllimə heç nə öyrədə bilmir və müəllim də məktəbə qayıdanda özü ilə yeni heç nə gətirmir. İndi təkmilləşdirmənin hansı səviyyədə aparılması müəllimlərin fəaliyyətinin timsalında göz önündədir".

Təhsil Eksperti Nabatəli Qulamoğlunun fikrincə, Azərbaycan təhsilində kadr problemi öz həllini gözləyir və nazirliyin bu istiqamətdə cəhdləri təqdir olunsa da, ad dəyişmək məsələnin həlli deyil: “İki mindən çox saxta diplomlu müəllimin fəaliyyət göstərməsi rəsmi təsdiqini tapıb. Bundan başqa qanuni əsaslarla fəaliyyət göstərən müəllimlər var ki, onların öyrətmək bacarığı, tədris qabiliyyəti çox aşağı səviyyədədir. İndiyədək Azərbaycanda müəllim hazırlığı ilə bağlı aparılan işlər hansısa müəllimi qane etməz.

Baxmayaraq ki, kifayət qədər müəllim hazırlayan, müəllimlərin ixtisasartırması ilə məşğul olan müəssisələr var. Müəllimlər İnstitutunun filialları kifayət qədərdir. İndiyədək bu filialların əsas işi saxta diplom hazırlayıb vermək olub. Bu faktlarla bağlı mətbuatda da çox yazılıb. Nazirliyin atdığı bu addımlar da kadr məsələsində ciddi dəyişikliyə nail olmaqdır. Amma hesab etmirəm ki, qurumun adını dəyişməklə bu problemləri həll etmək mümkün olsun”.

“Sağlam rəqabət yaransa, müəllim öz üzərində işləyər”

Təhsil eksperti problemdən çıxış yolunu müəllimlər arasında sağlam rəqabətin yaranmasında görür: “Bu məsələdə yeganə meyar müəllimin əməkhaqqını kifayət qədər artırmaqdır. O zaman müəllim yüksək əməkhaqqı almaq üçün çalışar, öz üzərində işləyər. Müəllim üçün bu maraq yaradılmasa, belə kursların heç bir faydası olmayacaq. Pedaqoji kollektivlərlə sıx əlaqədə olan bir şəxs kimi deyə bilərəm ki, Dünya Bankından Azərbaycanda kurikulumun tətbiqi ilə bağlı ayrılan vəsaitlərin Azərbaycan təhsilinə heç bir əhəmiyyəti olmadı.
Kurikulumla tətbiq olunan dərslərin özünü tam doğrultmaması da bunu sübut edir. Ənənəvi sistemlə də təhsildə dönüş yaratmaq olardı. Biz çox aşağı pillədə olduğumuz halda ən yüksək pilləyə çıxmağa can atırıq. Ona görə güman edirəm ki, müəllimlərin ixtisas təkmilləşməsi üçün mexanizmi dəyişmək lazımdır. Təhsildə sağlam rəqabət yaratmaq üçün təhsilalanın təhsilverəni seçmə azadlığı təmin olunmalıdır. Belə olan halda təhsil bazarı yaxşıları götürüb, pisləri kənara atacaq. Yuxarıdan göstəriş verməklə bu işlər həll oluna bilməz. Bu prosesə aşağılardan başlanmalıdır, müəllimlərin təşəbbüskar olmasına, valideyn heyətinin qabaqcıl, şüurlu dəstəsi bu proseslərə qoşulmasına şərait yaradılmalıdır".

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər