6 May 2021 17:53
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar dövlətimizin diqqətindən kənarda qalmadı. Hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanıldı və bu proses bu gün də davam edir.

Teleqraf.com-un məlumatına görə, bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1700 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 140-a yaxın uşaq və yeniyetməyə 3600-dən artıq seans psixoloji yardım göstərilib.

Hazırda psixoloji yardım işi Bakı şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə və Lənkəran şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər