Yeni məlumat öyrənməyin ən effektli yolu kitab oxumaqdır. Həyatda uğurlu ola bilmək də eyni şəkildə çox oxumaq və araşdırmaqdan başlayır. Kitab oxumaq insanın fikrinin formalaşmasına, xəyal dünyasının inkişafına yol açır, söz ehtiyatını artırır.
Yolumuz ölkəmizin ən zəngin məkanına – Azərbaycan Milli Kitabxanasınadır. Düşmən tapdağından azad olunan torpaqlarda həyatın bərpası üçün vacib olan məqamlardan biri də kitabxanaların bərpasıdır. Elə bu məqsədlə də Azərbaycan Milli Kitabxanası və Mədəniyyət Nazirliyi "Qarabağa kitabla gedək" layihəsinə başlayıb.
Layihə haqqında məlumat verən Azərbaycan Milli Kitabxanasının İnformasiya üzrə direktor müavini Ədibə İsmayılovanın sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdəki kitabxanaların fondunun bərpası üçün kitab toplama kampaniyası həyata keçirilir. Aksiyaya qoşulan ilk ziyalı Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevdir:
“O, müəllifi olduğu kitablardan, eləcə də şəxsi kolleksiyasından 500 nüsxə kitabı başlanğıc olaraq bu fonda hədiyyə edib. Elçin Əfəndiyev yenə də öz kolleksiyasından kitablar hədiyyə edəcək. O, bütün Azərbaycan ziyalılarını, yazarlarını, gənclərini bu layihəyə qoşulmağa çağırıb. "Elm" nəşriyyatı, "Bakı" mətbəəsi 1500 kitab hədiyyə edib. Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarından fonda kitablar hədiyyə olunub. AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli öz şəxsi kitablarından, eləcə də Ədəbiyyat İnstitutu adından layihəmizə kitab hədiyyə edib. Bu gözəl layihədir, işğaldan azad olunmuş torpaqların kitabxanalarının bərpası üçündür. Yazıçılar birliyindən, gənc yazarlarımızdan kitab hədiyyə edənlər olub. Bu kitablar bərpa işləri olduqdan sonra həmin kitabxanalara aparılacaq”.
Kitabxana özü də layihə üçün kitablar ayıracaq. Ədibə İsmayılova qeyd etdi ki, Qarabağa göndəriləcək kitablar kitabxananın hədiyyə fondundan ayrılacaq:
“Kitabxananın əməkdaşları da bu kampaniyaya qoşulurlar, şəxsi kolleksiyalarından kitablar hədiyyə edirlər. Şəhər sakinləri də valideynlərindən qalan kitabları, öz kitablarını hədiyyə edirlər. Hesab edirəm ki, kitablar toplanmağa davam edəcək. Bu günə qədər istər müəssisə, istər ziyalılar tərəfindən 40-a yaxın layihəmizə qoşulan şəxs olub. Əhatə dairəsi də genişləndirilir. Bizə xaricdən də qoşulmaq üçün müraciətlər var. Eyni zamanda, regionlardan da kitab göndərmək üçün müraciətlər var. Vətəndaşlar ianə üçün özləri kitabları gətirib, təhvil verə bilərlər. Bəzi vətəndaşlar da var ki, yaşlıdırlar, təqaüddədirlər. Biz maşınla gedib, onlardan kitabları alırıq”.
Pandemiya şəraiti kitabxanaların elektron xidmətlərini daha da inkişaf etdirdi. Deyə bilərəm ki, Milli Kitabxana bu gün Azərbaycanın yeganə kitabxanasıdır ki, oxucuların tam olaraq onlayn sorğularını ödəyir. Pandemiya dövrü olmasına baxmayaraq, Milli Kitabxana elektron resursları ilə oxucularının xidmətindədir. Kitabxana əməkdaşları növbəli qrafik əsasında bu müddətdə işləyirlər. Direktor müavini Ədibə İsmayılova bildirdi ki, kitabxananın 75 523 ədəbiyyatı isə oxucuların sorğusu əsasında elektronlaşdırılıb, onların elektron poçt ünvanına göndərilib:
“Kitabxananın onlayn kitabxanasında demək olar ki, kitabların əksəriyyəti elektronlaşdırılıb. Pandemiya şəraitində əməkdaşlar növbəli şəkildə işə gəlirlər. Oxucuların müraciətləri əsasında elektron olmayan resursları da elektronlaşdırır, onların elektron ünvanına göndəririk. Onlayn oxucularımız kifayət qədər çoxdur. 3 milyondan çox virtual oxucumuz var. Milli Kitabxananın direktoru, professor Tahir Kərimov bütün oxuculara rəsmi sürətdə elektron xidmətlərimizi təqdim etdi. Bu da oxucular tərəfindən çox gözəl qarşılandı. Onlayn sifarişlər ardı-arası kəsilmədən gəldi. Bu çətin vaxtda məhdud sayda əməkdaşlarla kitabxanaya gəldik, oxucularımızın yanında olduq. Oxucularımız bizim bu əziyyətimizi yüksək qiymətləndirib. Əməyimizə verilən bu qiyməti görmək milli kitabxananın əməkdaşlarını daha yaxşı işləməyə sövq etdi”.