Xalq artisti Valeh Kərimov koronavirusdan dünyasını dəyişən dostu və həmkarı Ramiz Əzizbəyli haqqında danışıb.
Valeh Kərimov Teleqraf.com-a açıqlamasında son zamanlar baş vermiş ölümlərin gətirdiyi kədərdən söz açıb:
"Azərbaycan incəsənətinin talanan vaxtıdır... Bizim çox böyük sənətkarlarımız dünyasını dəyişdi.
Sanki bu il Azərbaycan incəsənətini fəlakət yaxalayıb. Ramiz Əzizbəyli böyük istedad sahibiydi. Hərtərəfli insan idi. Rejissor, aktyor, şair, müəllim kimi tanınırdı. Onunla telefon vasitəsi ilə əlaqə saxlamışdım. Hər dəfə deyirdi ki, yaxşıyam. Özünə təskinlik verirdi ki, sağalacaq.
Xəstəxanada ona baş çəkmək də mümkün deyildi, çünki pandemiya xəstəxanası idi. Artıq Ramiz də getdi... 1960-70-ci illərdə yetişən sənətkarlar hamısı bu illərdə getdilər. Onun kinolarını izləyirsiniz, filmlərdə rollarını görürsünüz. Mahnılar da oxuyurdu, "Bəyin oğurlanması" filmində "Aman tello" mahnısını ifa etmişdi. Xaraktercə şən insan idi, danışırdı, gülürdü, lətifə deyirdi. Allah rəhmət etsin".