14 İyun 2021 23:14
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Yazı

Əvvəli burada

Əbdülvahab Məhəmmədzadə xatirələrində Cümhuriyyətin işğalından sonra qurulan gizli təşkilatın hərbi qanadı haqqında da məlumat verib. Onun yazdığına görə, hərbi qanadı Cümhuriyyət ordusunun zabit və əsgərləri təşkil edib: “Təşkilatın ilk qurucuları arasında milli zabitlərimizdən Nurullah (Ağabala) Qulubəyli, Əhməd Hacızadə, Möhsün İbrahim, Nurullah Rzabəyli və İbrahim Axundzadənin adını çəkə bilərik. Nurullah Qulubəyli və Möhsün İbrahim vasitəsi ilə sabiq Azərbaycan Hərbiyyə naziri general Səməd Mehmandarlı ilə irtibatda idik. Mərhum Səməd paşa təşkilatın əmrində olduğunu özünə xas fərağət və təvazökarlıqla dostlarımıza bir neçə dəfə bildirmiş, tövsiyələri ilə onların çalışmalarına kömək etmişdi. Əsgəri təşkilat Azərbaycanın mühüm mərkəzlərində şöbələr yaratmış, Qırmızı ordu səflərinə və qərargahına da yayılmışdı... Əsgəri təşkilatın firqə tərəfindən sədrliyini mərhum Dadaş Həsənzadə həyata keçirirdi... Digər quruculardan Nurullah Qulubəyli 1923-cü il həbslərindən daha əvvəl ani şəkildə bir xəstəlikdən vəfat etmişdi... Səməd paşanın da Qulubəyliyə dərin simpatiyası vardı”.

Əbdülvahab bəy həbs edilənlərdən İstanbul hərbiyyəsində təhsil almış Nəsrullah Rzabəylinin əlinə keçən şüşələrlə qol damarlarını kəsərək intihara təşəbbüs etdiyini yazıb.

Bu hadisələr 1926-1928-ci illərdə baş vermişdi.

Ə.Məhəmmədzadənin yazdığına görə, eyni illərdə Qarabağın Cəbrayıl qəzasında İttihadi-İslam firqəsinə mənsub minlərlə insan həbs olunmuşdu. Bu təşkilatın o dövrdə İrana mühacirət etmiş Xosrov bəyin qardaşı Sultan Sultanovun təşviqi ilə təşkilatlandığını da qeyd edib. Həbsdə yatan şəxslər arasında Çingiz İldırımın böyük qardaşı da olub: “Dövrün hakim kommunist simalarından keçmiş Azərbaycan Müdafiə komissarı Çingiz İldırımın qardaşı Şamil bəy də bizim doqquzuncu hücrədə həbsdə idi. Doktor olan bir qardaşı da başqa bir hücrədə idi. Görünür, vaxtilə bolşeviklikdən Azərbaycan və bütün Şərq dünyası üçün səadət uman komissarın artıq öz qardaşlarını belə qoruya bilməyəcək qədər ulduzu sönməyə başlamışdı”.

Bakıda həbs olunan sionistlər

Əbdülvahab Məhəmmədzadə xatirələrində bolşeviklərin həbs etdiyi gizli sionist təşkilatından da bəhs edib. Bu qrupun doqquzuncu hücrədə qaldığını, gənc qız və oğlanlardan ibarət olduğunu yazıb: “Sionistlər Sovetlərə qarşı birbaşa rejim mücadiləsində deyildilər. Yəhudilərin Fələstinə köç etmələrinə Sovetlərin icazə verməsini istəyirdilər. Gizli sionist təşkilatının qayəsi yəhudi gəncliyi arasında təbliğat apararaq qanuni və ya qeyri-qanuni yollarla köç fikrini gerçəkləşdirməkdi... Sionistlərə qarşı nə şiddət, nə də edam tətbiq olunurdu... Onların Solovki və Sibirdəki ölüm düşərgələrinə göndərildiklərini də eşitmədim. Onlar əksəriyyətlə Türküstana sürgün edilirdilər. Gənc sionistlərə qarşı QPU-nun tətbiq etdiyi basqının məqsədi onları müxtəlif vədlərlə yəhudi birliyi və köç fikrindən vaz keçirməkdi”.

Əbdülvahab bəyin yazdığına görə, dünyadakı güclü yəhudi çevrələrinə görə bolşeviklər sionistlərə qarşı sərt müdaxilə etmirdilər: “Sionistləri 7-8 ay qədər həbsdə saxladılar. Lakin onları fikirlərindən heç cür vaz keçirə bilməmişdilər. Nəhayət, onları Moskvanın göstərişi ilə Türküstanın iqlimi uyğun olan bölgələrinə göndərmişdilər”.

Sürgün müddətləri bitdikdən sonra bolşeviklər 25 sionistin Fələstinə getməsinə icazə verməyə məcbur olublar.

Dronun yavəri Husik Petrosyan

Ə.Məhəmmədzadənin həbsxana “yoldaş”larından biri də Daşnak ermənilərin liderlərindən Dronun yavəri Husik Petrosyan olub. O, ÇeKa tərəfindən 9 dəfə həbs olunubmuş: “ÇeKanın qayəsi Petrosyanı əldə edərək partiyası əleyhinə istifadə etməkdi. Husik Petrosyanın danışdığına görə, onu QPU idarəsində sorğu-sual edən çekistlərin özləri də indi Sovetlərə xidmət edən Daşnak partiyasının keçmiş üzvləri idilər... QPU-nun əsl məqsədi Petrosyanı Gəncə ətrafında Sovet rejiminə qarşı savaşan Azərbaycan partizanlarına qarşı mücadilədə istifadə etməkdi”.

Dadaş Həsənzadənin edamı

Əbdülvahab bəyin xatirələrindəki ən ağrılı hissələrdən biri də məşhur müsavatçı, istiqlalçı Dadaş Həsənzadənin başına gələnlərdir.
Dadaş bəy 15 fevral 1897-ci ildə Şuşada doğulub. 1919-cu ildə Bakı universitetinin tibb fakültəsinin birinci kursuna qəbul olunub, eyni zamanda əmək fəaliyyətinə başlayıb. 1924-cü ildə universiteti bitirəndən sonra mamalıq texnikumunda mühazirələr oxuyub. 1919-cu ildə Müsavata qoşulan Dadaş bəy Cümhuriyyətin işğalından sonra daha aktiv şəkildə siyasi fəaliyyətinə davam edib. Müsavatın gizli təşkilatı aşkar edildiyi üçün həbs olunub. Aydın Əlizadə bu barədə yazır: “İstintaq işinin materiallarına görə, o zaman Mircəfər Bağırovun başçılıq etdiyi “ADSİ-yə məlum olmuşdur ki, Azərbaycanda Müsavat partiyasının yaxşı təşkil edilmiş mərkəzi fəaliyyət göstərir. Onun özəkləri bütün respublikada vardır və o, xarici mühacirətlə əlaqədədir”.

Beləliklə, 11 mart 1926-cı ildə ikinci gizli təşkilatın rəhbərləri: Dadaş Həsənzadə, Əhməd Hacınski və Əli Yusifzadə həbs edildilər... 28 fevral 1927-ci ildə Müsavat partiyasının ikinci gizli təşkilatının 34 üzvünün tezləşdirilmiş rejimdə məxfi qapalı məhkəmə prosesi keçirilmişdir. Bu məhkəmədə Dadaş Həsənzadə güllələnməyə məhkum olunmuş, hökm həmin ilin 2 aprel tarixində icra edilmişdir. Ondan başqa daha üç nəfər güllələnmiş, qalanları isə sürgünə Rusiyaya göndərilmiş, orada bir çoxları həlak olmuşlar”.

Məhəmmədzadə Dadaş bəyin başına gələnlərdən bu şəkildə bəhs edib: “QPU gözətçilərindən Babayev komandanlıqdan aldığı əmrə əsasən gecə saat 12-yə doğru 4-cü hücrənin qapısını açaraq Dadaşı aparmaq üçün əlindəki çuvalı onun başına keçirmək istəyib. Amma daim tətikdə olan Dadaş birdən-birə kükrəyərək gözətçinin üstünə cummuş, aralarında müdhiş mücadilə başlamışdır.

Babayev İran Azərbaycanının Ərdəbil şəhərindən boylu-buxunlu, olduqca qüvvətli gəncdi... Hücrə içində olan davada Dadaş üstün gəlmiş, onu altına alaraq təpikləməyə və boğmağa başlayarkən digər gözətçilər və mühafizəçilər Babayevə köməyə gəliblər... Nəhayət, Dadaşın əllərini-qollarını bağlayaraq aşağıdakı ölüm hücrəsinə aparıblar... Şərq şöbəsi rəisi Jukov və sorğu hakimi Vasin digər yoldaşları ilə birlikdə gələrək Dadaşı xeyli təhqir etdikdən sonra müvəqqəti şəkildə qollarını açıblar və haqqındakı qiyabi edam qərarını ehtiva edən yazını qarşısına qoyub imzalamasını istəyiblər. Dadaş yazını oxuduqdan sonra ona iti uclu qələm uzadıblar. O da qələmi alan kimi dərhal iti ucunu Jukovun sol gözünə batırıb... Çekistlərin hamısı Dadaşın üzərinə cumaraq qolunu, qabırğalarını qırıb, yarıölmüş halda ağzına pambıq basaraq və qollarını arxadan iplə bağlayaraq yük maşınına atıb və şəhərin kənarına apararaq edam ediblər”.

Aydın Əlizadənin yazdığına görə, D.Həsənzadənin istintaq işində qeyd edilmiş müstəntiqə qarşı hücum olayı əks olunmayıb, ona görə bu olayı nə təsdiq, nə də inkar etmək mümkün deyildir.

Amma Ə.Məhəmmədzadə Jukovla görüşündən sonra bu hadisənin baş verdiyinə əmin olduğunu qeyd edib: “Üstündən bir-iki ay keçdikdən sonra Şərq şöbəsinin rəisi Jukov bir gün məni sorğu otağına dəvət etdi. Otağına girən kimi sol gözünün qara bir lentlə sarındığını gördüm və məlumatların doğru olduğuna qane oldum. Özü də sorğu əsnasında bir an hirslənərək “Siz bizdən mərhəmətmi gözləyirsiniz? Gözümün dostunuz tərəfindən oyulduğunu eşitmədinizmi” demişdi. Artıq mənim üçün hadisənin nə şəkildə cərəyan etmiş olduğu tamamilə aydınlaşdı”.

Ə.Məhəmmədzadənin yazdığına görə, Dadaş bəy çox yaxşı nişançı olub. 1918-ci il mart soyqırımı zaman ermənilərə qarşı günlərlə mücadilə edib...

Çekistlərin qətlə yetirdikləri isə Dadaş Həsənzadə ilə yekunlaşmamışdı...

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər