Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində işğalçı düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi. Həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar daim dövlətimizin diqqət mərkəzindədir. Hər zaman ölkə başçısının qayğısı ilə əhatə olunan bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı yüksək səviyyədə həyata keçirilir.
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər. Belə ki, ötən müddət ərzində ümumilikdə 1800 nəfərə yaxın Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 160-a yaxın uşaq və yeniyetməyə psixoloji yardım göstərilib.
Hazırda psixoloji yardım işi Bakı şəhərində davam etdirilir. Bundan əvvəl Gəncə, Bərdə, Lənkəran və Qəbələ şəhərlərində də FHN tərəfindən psixoloji yardım xidməti həyata keçirilib.
Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.