Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev Tarif (Qiymət) Şurasının təbii qazın qiymətləri ilə bağlı bu gün qəbul etdiyi qərarı şərh edib.
Teleqraf.com-un məlumatına görə, Baş direktor bildirib:
"Bu gün “Azəriqaz”ın təxminən 2,4 milyon abunəçisi var və bunun 1,3 milyonu təbii qazdan 1 200 kubmetrlik limit çərçivəsində istifadə edəcək, yəni qazın hər kubmetrini 10 qəpikdən əldə edəcək. Gələn həftədən smartkart tipli sayğacların oxunmasına başlanılacaq və bu sayğacları olan abunəçilər iyuldan qazdan yeni tariflərlə istifadə edəcəklər. Mexaniki sayğacların sahibləri isə iyulun 10-na qədər qazdan köhnə tariflərlə istifadə edəcəklər. O vaxta qədər proqram təminatında yenilənmə olacaq.
“Azəriqaz” təbii qazın paylayıcısıdır. İstehsalat Birliyi qazı “Azərkontrakt” ASC-dən topdansatış olaraq alır və onun pərakəndə paylanılmasını həyata keçirir. Burada topdanalış qiymətində fərq yaranıb. Əvvəl bu qiymət hər 100 kubmetr üçün 75 manat idisə, bundan sonra 110 manat olacaq. Burada isə 35 manat fərq yaranır”.