Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Qəbələ rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.
Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin Kazımov, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Qəbələ Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rahib Əhmədov, Qəbələ rayon Polis şöbəsinin, rayon Prokurorluğunun, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin, "Aqrolizinq" MMC-nin nümayəndələri, habelə rayon inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və fərdi təsərrüfat rəhbərləri iştirak ediblər.
Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.