Millət vəkili Musa Quliyev: “Folklor dəyərlərinin cəmiyyətə təqdim olunması mexanizmi tapılmalıdır”
Mütəxəssislərin fikrincə, folklorumuzu ölməz edən bu irsin daşıdığı həqiqətlərdir. Bizim dəyərlərdə hətta hazırda hamını düşündürən “nə etmək və necə etmək” sualına cavab da var.
Folklor nümunələrimizin toplanmasında, əlbəttə, folklorşünaslarımızın xidmətləri danılmazdır. Bəs Azərbaycan folklor nümunələrinin həyatiliyə uyğunluğu nəzərdən keçirilirmi? Başqa sözlə, folklor nümunələri saf-çürük edilirmi?
“Şifahi xalq ədəbiyyatı nümunələrinin yeniyetmələrimizin tərbiyəsində rolu” mövzusunda açdığımız müzakirədə bu suallara cavab tapmaq istədik. Folklor İnstitutunda millət vəkili Musa Quliyev, sosioloq Əhməd Qəşəmoğlu və institutun elmi işçiləri ilə birgə toplantı keçirdik.
(əvvəli http://teleqraf.com/news/29254)
“Nağıl həm də zəka oyunudur”
Qalib Sayılov: Mən söhbətimizin əvvəlində qəhrəmanlarımızın qüsurlu olması barədə fikrimi bildirmək istəyirəm. Əvvəla xalqın yaratdığı qəhrəman lap uşaq yaşlarından düşdüyü çətinliklərdən öz ağlı, zəkası hesabına çıxmağı bacarmalıdır. Nağıl sanki həm də bir zəka oyunudur. Qəhrəmanlarımızın sonsuz olması məsələsinə gələk. Qəhrəman tabudur. Xalq öz qəhrəmanına elə bir müsbət, sakral mahiyyət verir ki, hətta onun törəyib artmasına belə qısqanclıqla yanaşır. Yaxud padşahların axmaq, ətrafının xəyanətkar olması motivinə baxaq. Qorkinin bir sözü var: Xalq qızıl axtarandır, o öz saxlancında, hafizəsində ən qiymətli olanı saxlayır. Zamanında padşah zalım, diktator, yaxud axmaq olanda, onu devirmək gücü olmayan xalq bu yolla padşahı ifşa edib, ondan qisasını alırdı. Amma bununla yanaşı folklorumuzda Hatəm, Şah Abbas və başqalarının timsalında adil şah obrazı da var. Folklorumuzda sonbeşiyə önəm verilməsi islamdan əvvəl, daha qədim köklərə söykənir. Yəni digər övladlar pərvazlanıb gedəndə, ocaqda ata-anaya qalan sonuncu övlad olur. Valideyn də hər yerdə onu tərifləyir.
Bu müzakirələrə görə də sizə təşəkkür edirəm. Çünki telekanallarda belə müsbət hadisələr müzakirə olunmur. “Günəbaxan” verilişinə qarğışlar mövzusuna görə dəvət almışdım, imtina etdim. Nədən, alqışlar, pozitiv məsələlər yox, məhz neqativ tərəflər müzakirə olunmalıdır? Digər bir tərəfdən, gözəl bir məsəlimiz var: “Söz var xalq içində, söz var xilq içində”. Elə məsələlər var ki, efirə, mətbuata çıxarılmamalıdır. Nə qədər bu xalqa yaramayan əskik hadisələr, nə qədər bic dünyaya gələnlər, nə qədər kriminal hadisələr reklam olunar? Cinayəti təbliğ etmək özü də cinayətdir. Azərbaycanda elə ailələr var ki, bütün dünya sosiologiyasına nümunə ola bilər. Belə ailələr niyə efirə çıxarılmır? Deməli, folklorumuz lazımınca təbliğ olunmur, efirlər folklor mövzusuna qapalıdır.
İdeyanı hərəkətə çevirək
Əhməd Qəşəmoğlu: Bizim folklorumuzun yaxşı-pis olması müzakirə mövzusu deyil. Təbii ki, folklorumuz mənəvi dəyərlərlə zəngindir. Sosioloq olsam da, folklorumuzla dərindən maraqlanıram və nağıllarımız, bayatılarımızdakı hikmətlər mənim mənəvi qida mənbəyimdir. Amma biz elə etməliyik ki, bu hikməti, folklorumuzdakı həqiqətləri uşaqlarımıza, gənclərimizə çatdıraq. Bunun çıxış yolunu tapaq. Bu ideyanı hərəkətə çevirək. Bu diskussiyanı Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin nümayəndələri ilə birgə genişləndirmək, efirlərdə müzakirəyə çıxarmaq olar. Gənclik, Elm, Bilik Fondu var, Prezident Yanında Qeyri-Hökumətlərə Dəstək Şurası var. Onlara müraciət edilə bilər ki, maliyyə ayrılsın.
Nizami Muradoğlu: Əlbəttə, bu nəşrlərə vəsait ayrılmalıdır. Əvvəllər “Gənclik”, “Uşaqgənclər”, “Yazıçı” və sairə nəşriyyatlar vardı. Dövlət planına və yaş senzinə uyğun olaraq bu nəşriyyatlar kitab çap edirdilər. Hazırda bu bölgü yoxdur. Kitab çapı Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib, orda da bir qrup adamlar var, nə istəyirlər onu da çap edirlər.
Qalib Sayılov: Maliyyə yoxdur, qrant da ki, ayrılmır.
Folklorumuz sosial dövlət quruculuğuna güclü dəstək verə bilər
Musa Quliyev: Siz folklor nümunələrini yaş qruplarına bölün, burda kimin QHT-si varsa, mən Azay Quliyevdən xahiş edim, qrant ayırsın. Bu materiallar çap olunsun, cəmiyyətə təqdim edək. Bundan gözəl iş olmaz ki, ona da pul ayrılmasın? Akademik Ramiz Mehdiyev bu yaxınlarda Dövlət İdarəçilik Akademiyasında çıxış edərkən çox aktual məsələlərə toxundu. Əslində, bu, cənab prezidentin qarşıya qoyduğu məsələdir: biz sosial dövlət olmalıyıq. Sosial dövlətin də insanı kamil insan olmalıdır. Bu diskusiyanın əhəmiyyəti o olar ki, gənclərimiz bu nümunələrlə tanış olanda orada həm türkçülüyümüzü, həm müsəlmanlığımızı, həm də müasirliyimizi görsün. Düşünürəm ki, Gənclər və İdman, Mədəniyyət və Turizm, eləcə də Təhsil Nazirkləri bu məsələyə diqqət yönəltməlidir və mütəxəssislərlə işləməlidirlər. Çünki peşəkarlar susanda, diletantlar at oynadır. Ona görədə efirlər, mətbuat diletantların meydanına çevrilib. İctimai Televiziyaya müraciət edilməlidir ki, bu mövzuya geniş yer versin. Bu işdə siz folklorşünasların da üzərinə böyük iş düşür. Təkcə toplamaq və onu qorumaq deyil, bunun təbliğinə də, cəmiyyətə təqdim olunmasına da çalışmaq gərəkdir.
Nizami Muradoğlu: Folklorşünas alimləri efirə buraxmırlar ki?
Əhməd Qəşəmoğlu: Alimlər də bu cür diskussiyalara hələ hazır deyil.
Təhlükəli oyunlar terrorçu yetişdirir
Sual: Musa müəllim, siz deyirsiniz ki, bunu bizim babalarımız yazıb deyə, toxunulmazdır. Bəs nağıllarımızın neqativ tərəfləri, folklorumuzdakı məişət münaqişələri bu gün də həyatımıza daxil olur. Folklorumuz saf-çürük olunmalı deyil?
Musa Quliyev: Neqativ tərəflərin izahını mütəxəssislərimiz verməlidir, amma biz onlara toxuna, kontekstindən çıxara bilmərik.
Seyfəddin Rzasoy: Folklorumuzda neqativ heç nə yoxdur. Uşaqlar üçün neqativ görünən böyük folklorudur.
Sual: Bu gün biz uşaqlarımıza nə oxuyaq? Antologiya hazırladığınızı dediniz. Uşaq folklorundan nümunə olaraq nələrin adını çəkə bilərsiniz?
Seyfəddin Rzasoy: Onların statistikası məndə yoxdur. Başqa vaxt gəlin antologiyanı təqdim edək, özünüz o cildlərin içindən uşaq folkloru bölümü ilə tanış olun. Uşaqlara veriləsi o qədər örnəklərimiz var. Sovet dövründə Azərbaycanın nağıl qəhrəmanları Cırtdan, Göyərçin, Göyçək Fatma tanınırdı. İndi azərbaycanlı balaları üçün nağıl qəhrəmanları “Harri Potter”, “Şirek”, “Tom Ceri”, “Maşa və Medved” və sairdir.
Nizami Muradoğlu: Biz öz balalarımızı Disney qəhrəmanlarına qurban vermişik. Təhlükəli kompüter oyunları balalarımızı gələcəyin terroristi kimi yetişdirir.
Arxivimizdə heç vaxt çap olunmayan nümunələr var
Seyfəddin Rzasoy: Bəli, çünki uşaqlarımızı öz modelimizlə tərbiyə etmirik.
Sual: Öz modelimiz var?
Seyfəddin Rzasoy: Dövlətimiz varlıdır. Problem qoyulub. İdeya ortaya atılıb, biz də bu məsələdə dövlətimizə dəstək verməyə hazırıq. Materiallar bizdə boldur. Biz bu zənginliyin təbliği mexanizminin yolunu tapmalıyıq. Folklorumuzun qiymətli arxivi var. Elə materiallar var ki, heç vaxt çap olunmayıb. Folklorun toplanması və sistemləşdirilməsi şöbəmiz bu məsələdə daha əsaslı işlər görə bilər. Hesab edirəm ki, bu məsələyə institutun direktorunu da cəlb etmək lazımdır. Direktorumuz bir komissiya yaratsın, rəsmi şəkildə institutun Elmi şurasında müzakirəyə çıxaraq. Buyurun, siz də iştirak edin. Sonra digər mütərrəqi fikirli deputatlarımızı da bu işə cəlb edək, məsələ Milli Məclisin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılsın. Bu ölkənin ideologiya məsələlərinə baxan Ramiz Mehdiyevdir. Məsələni onun nəzərinə çatdıraq. Bizə rəsmi səviyyədə göstəriş veriləndən sonra ən müxtəlif poliqrafiyalarda yüzlərlə nəşr buraxa bilərik. Yəni bu problemin həlli mexanizmi pillə-pillə həyata keçirilməlidir.
Sual: Müxtəlif qurumlar internetdə səsli nağıllar hazırlayıb, kifayət qədər qüsurludur. İndiki uşaqlar isə elektron varianta üstünlük verir. Elektron variantınız var?
Seyfəddin Rzasoy: Bəli, var. Redaksiya-nəşr şöbəmizdə saxlanır. Bütün məlumatı folklorinstitutu.com-a daxil olmaqla öyrənmək mümkündür. Hətta kasıb imkanlarla biz Cənubi Azərbaycan folklorunu da çap edirik. İnstitutumuzun saytından əldə etmək olar.
Folklor mətnindən ən münasib variantı seçək
Sual: Saytınızda qeyd olunub ki, folklor mətni yazılı ədəbiyyatdan fərqli olaraq variant və versiyalara malikdir. Yəni ən münasib variantı seçmək mümkün deyil?
Seyfəddin Rzasoy: Məsələ rəsmiləşəndən sonra bütün bunlar mərhələli şəkildə həllini tapacaq. Nağıl qəhrəmanlarımızdan ibarət köynəklər buraxmaq, reklam çarxlarına çıxarmaq, uşaqlar üçün nağıllardan ibarət elektron oyunlar yaratmaq, cizgi filmləri çəkmək olar.
Söhbətə müdaxilə edirik: Azərbaycanda cizgi filmləri istehsal edən studiyalar çox azdır. Bura “Azanfilm”in direktorunu da dəvət etmişdik. Təəssüf ki, vaxt ayırıb gələ bilmədi. “Azanfilm”in çəkdiyi elə cizgi filmləri var ki, dinlə məhdudlaşdırılır. Pişiyin başına molla papağı qoyulur, əyninə yaşıl əba geyindirilir...
Musa Quliyev: Əlbəttə, belə yanaşma da doğru deyil.
Seyfəddin Rzasoy: Təəssüf ki, dindən alver vasitəsi kimi istifadə edənlər də var...
Əhməd Qəşəmoğlu: Yekun olaraq bu söhbətlərdən belə nəticəyə gəlmək olar ki, Folklor İnstitutunda cəmiyyətimiz üçün arzuolunan vətəndaş yetişdirmək üçün çox böyük potensial var. Özü də bu folklor 90 faiz dünya xalqları folklorundan daha zəngindir. Bu zənginliyi xalqa çatdırmağın isə mexanizmi işlənməlidir. Mərhum şairimiz Rəsul Rza bir söhbətimizdə demişdi ki, istedadın yarısı yaratmaqdır, yarısı yeritmək. Siz bu nümunələri zərrə-zərrə toplamısız, böyük xidmət göstərmisiniz, çox sağ olun. Amma işin əsas tərəfi qalıb ki, xalqın yaratdığı hikmətləri birləşib özünə qaytarmalıyıq.
Sevil Hilalqızı