Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi köçürülüb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupundan Teleqraf.com-a verilən məlumata görə, pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib.
Artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması həyata keçirilib.
Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Laçın yaylaqlarına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Laçın ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır.
Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir.
İşğaldan azad edilmiş Laçın rayonunda arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Bölgənin bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.
Bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.