6 Noyabr 2014 14:18
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi (ETTM) tərəfindən müəssisə, idarə və təşkilatların əməyin mühafizəsi üzrə mütəxəssisləri üçün ilk dəfə olaraq “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kursları təşkil ediləcək. Bununla əlaqədar noyabrın 6-da ƏƏSMN-də mətbuat konfransı keçirilib.

DƏMX-nin rəisi Fuad Əlizadə iş yerlərində əməyin mühafizəsinə dövlət nəzarətinin daim gücləndiyini vurğulayıb: “Həyata keçirilən dövlət nəzarətinin nəticələrinin təhlili göstərir ki, hələ də bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar qəbul edilmiş normativ-hüquqi aktların tələblərinə cavab vermir. Təbii ki, bunun əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın qənaətbəxş olmamasıdır. Bu səbəbdən də əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsinə və onların yenidən hazırlığının təmin edilməsinə ehtiyac var”.

Fuad Əlizadə bununla əlaqədar DƏMX və Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən iqtisadiyyatın bütün sahələrini əhatə edən müəssisə, idarə və təşkilatlarda çalışan mütəxəssislər üçün “Əməyin mühafizəsi və texniki təhlükəsizlik” və “Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi” mövzuları üzrə tədris kurslarının təşkil ediləcəyini bildirib: “Bu kurslar Əmək və Sosial Problemlər üzrə ETTM-də təşkil olunacaq və məşğələlər zamanı həmin mütəxəssislərə əmək qanunvericiliyinə, o cümlədən əməyin mühafizəsinə dair elmi-hüquqi, həmçinin praktik bilgilər veriləcək, onların peşəkarlıq səviyyələri artırılacaq. Onlar müvafiq əyani və metodiki vəsaitlərlə də təmin olunacaq, təlimin sonunda aparılmış müsahibənin nəticələrinə uyğun olaraq onlara müvafiq sertifikat veriləcək”.

Xidmət rəisi əməyin mühafizəsi üzrə mütəxəssislərin ixtisasının artırılması ilə bağlı əmək qanunvericiliyində müvafiq tələbin əksini tapdığını da diqqətə çatdırıb: “Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. Həmin tələbə əməl etməyən və ixtisasartırma kurslarında təlim keçməyən vəzifəli şəxslərlə bağlı İnzibati Xətalar Məcəlləsinin 257.07-ci maddəsinə uyğun şəkildə inzibati cərimələr tətbiq ediləcəkdir”. F.Əlizadə əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin qeyd olunan kurslara maraqla qatılacaqlarına və öz peşəkarlıq səviyyələrini yüksəltmək üçün yaradılmış bu şəraitdən maksimum istifadə edəcəklərinə əminliyini ifadə edib.

Əmək və Sosial Problemlər üzrə ETTM-nin direktoru Vüqar Həsənov sözügedən ixtisasartırma kurslarının əhəmiyyətindən söz açaraq bildirib ki, ölkəmizin iqtisadi inkişafı üçün mühüm amillərdən biri də müasir tələblərə uyğun ixtisaslı kadrların hazırlanması, eyni zamanda əməyin mühafizəsi mütəxəssislərinin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır. Kurslar mütəxəssislərin peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasına, beynəlxalq təcrübə əsasında daim yeniləşən və təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyətinin onlara öyrədilməsinə, nəzəri biliklərin təcrübədə tətbiqi yollarının onlar tərəfindən mənimsənilərək iş yerlərində lazımi şəkildə tətbiqinə xidmət edəcək: “Artıq təcrübədə təsdiqini tapan bir həqiqətdir ki, əməyin mühafizəsi sisteminin yüksək səviyyədə təşkili yalnız işçilərin həyat və sağlamlığı üçün deyil, müəssisənin iqtisadi mənafelərinin təmin olunması, məhsuldarlıq səviyyəsinin artırılması üçün də xüsusi önəm kəsb edir. Ona görə də yeni tədris kurslarında müvafiq sahədə işləyən kadrların ixtisasının təkmilləşdirilməsi ümumən iqtisadiyyatın dinamik inkişafı üçün önəmlidir”.

Naibə QURBANOVA


Müəllif: