3 Avqust 01:15
296

Teleqraf.com günün qoroskopunu təqdim edir.

Qoç - hər şey istədiyiniz kimi asanlıqla əldə olunmur. Amma həddən ziyadə inadkar olmayın. Tərslik edərək uğursuzluğa düçar olacaq işlərdən əl çəkməməklə uduza bilərsiniz. Vaxt və qüvvələrinizi hədər yerə sərf etməyin. Sizi səhv addımlar və yanlış qərarlardan çəkindirmək istəyən yaxınlarınızla sərt mübahisə etməyin.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün sınaq dönəmidir. Hisslərinizi müəyyənləşdirin. İrad və tənqidlərinizin sayını azaldın. Mühüm məsələlərlə bağlı qərarı təxirə salın.

Buğa - asan gün deyil. Problem çox, onların çözülməsində sizə yardım təklif edənlərin sayı isə azdır. Sağlam məntiqlə davranaraq emosiyaların əsiri olmasanız, situasiyada köklü dəyişikliklər edə bilərsiniz. Ziddiyyətlərin formalaşdığı vəziyyətdə soyuqqanlı olun, düşünülməmiş qərarlar verməyin.

Günün ikinci yarısında səliqə, detallara diqqət tələb edən işlərlə məşğul ola bilərsiniz. Çoxdan bəri görmək istədiyiniz adamla görüş istisna deyil.

Darıxmayın, hər şey yaxşı olacaq.

Əkizlər - yaxın ətrafınızdakı insanlar çətin vəziyyətə düşdüyünüzü güman edərək sizə sürəkli məsləhətlər və göstərişlər verirlər. Lakin mövcud situasiya sizi qane edir. Başqalarının görə bilmədikləri və ya görmək istəmədikləri üstünlükləri sezin, məqamlardan bəhrələnin. Müstəqil çalışın, kollektiv fəaliyyətdən uzaq durun. Qərarınızı anlatmağa vaxt sərf etməyin. Onsuz da, sizi anlamayacaqlar.

Alış-veriş üçün əlverişli zamandır. Maliyyə məsələlərində diqqətli olun. İş yerini dəyişmək istəyirsinizsə, bunu yaxın tanışlar və dostlarla müzakirə etmək olar. Qəfil, amma çox maraqlı və cazibədar təkliflər ala bilərsiniz.

Xərçəng - başqalarının yol verdikləri səhvlərin fəsadlarının aradan qaldırılması xeyli vaxtınızı alacaq. Minnətdarlığa bel bağlamayın. Səylərinizi və zəhmətinizi görməməyə çalışacaqlar. Buna rəğmən işləyin, effektiv irəliləyişə nail olmağa çalışın. Özünüzü tərifləyə də bilərsiniz.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir. Yolçuluq uzun sürsə də, yorulmayacaqsınız.

Axşam saatlarını aktiv keçirin. Televizoru və kompüteri bir günlük də olsa, unudun.

Şir - problemlərin sayının artacağı gündür. Narahat olmayın. Çətinliklər ciddi deyil və onları tezliklə həll etmək mümkündür. Bundan başqa, ən cəsarətli və gəlir vəd edən planlarınızı həyata keçirməkdə sizə yardımçı olacaq müttəfiq tapa bilərsiniz. Biznes-layihənin müzakirəsi üçün münasib zamandır. Bunu qeyri-formal şəraitdə edə bilərsiniz.

Günün ikinci yarısında yeni məlumatı anlamaqda çətinlik çəkməyin. Ləng və süst davranmayın. Danışıqlar aparmaq üçün əlverişli zaman deyil. Əvəzinə faydalı praktik vərdişlər əxz edə bilərsiniz. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Qız - asan olmayacaq. Problemlər və çətinliklərin sayı az deyil. Məqsədə doğru aparan yolda maneələr və sədlərin sayı çoxalacaq. Problemlərin həllinin orijinal və effektiv yollarını arayın. Səylərinizi boş yerə sərf etməyin. Uğurlarınız kiçik ola bilər. Lakin onlar rəğbətini qazanmaq istədiyiniz insanın diqqətini cəlb edəcək.

Günün ikinci yarısında alış-veriş etmək olar. Bəyəndiyiniz əşyaları seçin. Ətrafınızdakı insanların məsləhətlərinə və göstərişlərinə qulaq asmayın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Tərəzi - mühüm olayların yaşanmayacağı gündür. Emosional fon çox əlverişlidir. Şikayətlər üçün heç bir əsas yoxdur. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Son vaxtlar münaqişə etdiyiniz mübahisələrinizin sovuşmadığı insanlarla da dil tapa bilərsiniz.

Günün ikinci yarısında işlərinizdə aktiv olun. Yeni tanışlıq və ya can atdığınız insanla görüş istisna deyil.

Sevdiyiniz adamın qayğısına qalın, onunla həssas davranın.

Əqrəb - yetərincə qeyri-adi gündür. Yaşanan olaylar əvvəlki hadisələrə bənzəmir. Ənənə və yazılmamış qanunları, daşlaşmış qaydaları pozmaq olar. Yaxın ətrafınızdakı insanları təəccübləndirsəniz də, maraqlarınızın təminatı üçün gərəkli bildiyiniz addımları atın. İntuisiyanıza güvənin.

Günün ikinci yarısında şəxsi münasibətlərlə bağlı ciddi qərarlar qəbul etməyin. Yaranmış situasiyanı izah etməkdə çətinlik çəkəcəksiniz. İdeyalarınızı unutmayın və əlverişli şərait yaranan kimi, onlardan birini reallaşdırmağa çalışın.

Oxatan - sakit, rəvan gündür. Əvvəllər başladığınız və yarımçıq qalan işləri başa vurun. Yalnız öz səhvlərinizi yox, başqalarının da yanlışlıqlarını sezməyi bacarın. Sərt tənqidə əl atmadan mülayim şəkildə fikrinizi bildirin. Belədə münaqişələr yaranmayacaq. Kiçik ixtilaflar və ya fikir ayrılıqlarını isə aradan qaldırmaq çətin deyil.

Günün ikinci yarısında effektiv çalışın. Maraqlı ideyalar olacaq. Köhnə dostlardan biri ilə görüş istisna deyil. Pozitiv emosiyalarla yanaşı, önəmli məlumat da alacaqsınız.

Axşam saatlarını təkbaşına istirahət etməyə çalışın.

Oğlaq - günün ilk yarısı sakit və rəvan keçəcək. Cari işlərlə məşğul olun, rutin məsələlərin həllini təxirə salmayın. İşlərin seçimində məntiqli olun.

Vədlərinizi unutmayın, öhdəliklərinizi yerinə yetirin.

Günün ikinci yarısında problemlər yarana bilər. Ailə münasibətlərində çətinliklər istisna deyil. Məişət problemlərini həll edin. Yaxın ətrafınızdakı insanlar sizdən təcili həll tələb edirlər. Amma tələsməyin. Əvvəlcə situasiyanı araşdırın, bütün məqamları götür-qoy edin, araşdırın.

Maliyyə məsələlərində ehtiyatlı olun. Pulu lazım olmayan nəsnələrə xərcləməyin. Borc vermək əsla məsləhət deyil. Səfər və səyahət gözləntilərinizdən də baha başa gələ bilər.

Dolça - günün ilk yarısı uğursuz olacaq. Fəqət, saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Anlaşılmazlıq və problemlərə görə əhvalınızı korlamayın. Yaşlı qohumlarla dil tapmaq asan olmasa da, onlarla ünsiyyətdə xeyir var. Məsləhətlə yanaşı, mühüm informasiya və real yardım alacaqsınız.

Günün ikinci yarısında yeni işlərə başlamaq olar. Bir şərtlə ki, tələsik nəticə gözləmirsiniz. Səbrli və təmkinli olun. Kiçik xərclər istisna deyil. Bədxərclik edərək büdcənizə zərər verməyin.

Axşam saatlarında sakit istirahəti seçin.

Balıqlar - günün ilk yarısında nə qədər çox iş görsəniz, o qədər yaxşıdır. Məhsuldar dövrdən effektiv istifadə edin. Başladığınız işlərə az sonra marağı itirməyin. İşləri yarımçıq qoymayın. Belə olarsa, bir sıra məsələlər həllini tapmayacaq.

Günün ikinci yarısı romantik görüşlər üçün münasibdir. Ən soyuqqanlı və kritik mövqe tutmuş insanda belə, özünüzə rəğbət oyada bilərsiniz. Sevdiyiniz insanla dil tapın. Münaqişə və anlaşılmazlıqlar keçmişdə qalsın.

Milli.Az


Müəllif: Teleqraf.com