22 Avqust 2021-ci il tarixdə Teleqraf.com saytında "Çövkən oyunu sıradan çıxa bilər – Atlar baxımsız halda" başlıqlı (https://teleqraf.com/news/idman/298548.html) yazı dərc olunmuşdu.
Şikayət xarakteli yazıda Omar Atcılıq klubunun kapitanı Xəyal Abdurahmanovun fikirləri dərc edilmişdi. O, ölkədə at yarışlarının keçirilmədiyini və bu üzdən Azərbaycanda atçılıq idman klublarının əksəriyyəti sıradan çıxmaq üzrə olduğunu bildirdmişdi. Cıdır yarışları və Çövkən atçılıq oyunlarının keçirilməməsindən narazılıq edən kapitan bu üzdən əksər idmançıların atçılıq idman növündən uzaqlaşdığını, yarış atlarının isə kənd təsərrüfatı ilə məşğul olan şəxslərə satıldığını bildirmişdi.
Yazıda qeyd olunan iddia və ittihamlara Azərbaycan Respublika Atçılıq Federasiyası (ARAF) tərəfindən cavab verilib.
Cavabı olduğu kimi təqdim edirik.
"ARAF təşkil etdiyi turnirlərdə əvvəlcədən elan etdiyi turnir əsasnamələrinə uyğun olaraq iştirakçı klub-komandaların sifariş formalarını toplayır və qaydaları çərçivəsində həmin heyətlərin yarışlarda iştirakını təmin edir. Təşkil olunan turnirlərdə iştirak edən komandaların oyunçularının əmək haqları və atlarının gündəlik saxlanma xərcləri həmin heyətə rəhbərlik edən şəxs və ya klubun öhdəliyidir.
Qeyd olunduğu kimi, ötən 10 illik vaxt ərzində iştirakçı komandaların sayı 24-dək artmışdır. Buna səbəb isə tərəfimizdən həmin turnirlərə əvvəllər təsis ediləndən ən azı 20-25 dəfə daha artıq mükafat fondunun təsis edilməsidir. Pandemiya dövrünün fəsadları olan bütün çətinliklərə baxmayaraq ARAF ənənəyə sadiq qalaraq 2020-ci ilin dekabr ayında növbəti ‘Prezident Kuboku’ turnirini təşkil etdi. Həmin turnirdə adıçəkilən komanda bizə məlum olmayan səbəblərdən iştirakdan imtina etdi. Düşünürəm ki, istənilən atçılıq klubunun daxilində baş vermiş problemlər elə klub daxilində də öz həllini tapmalıdır. ARAF turnir təşkil etdiyi əraziyə iştirakçı heyətləri yalnız bir neçə gün əvvəl dəvət etmək imkanındadır. Bütün çövkən komandaları isə gündəlik təlim-məşq prosesini öz klublarına məxsus ərazilərdə təşkil etməlidirlər.
Sonda onu da qeyd etmək istərdim ki, hər il olduğu kimi bu ilin də dekabr ayının sonlarında Çövkən Milli Atüstü Oyunu üzrə növbəti "Prezident Kuboku" turniri keçiriləcəkdir. Yaxın günlərdə turnirin keçiriləcəyi məkan və digər texniki məlumatları bütün ictimaiyyətə çatdırılacaqdır".