11 Sentyabr 2021 10:39
1 634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının (YAP) mətbu orqanı olmaqla bərabər həm də Azərbaycan mətbuatında özünəməxsus rolu və yeri olan qəzet kimi tanınıb. Daim ölkəmizin ictimai-siyasi proseslərini obyektiv işıqlandırmağı bacarıb, ictimai rəyin formalaşmasına böyük töhfələr verib, eyni zamanda öz xarakter və özünməxsus üslubu olan qəzet olub. Siyasi münasibətlərdəki mənəvi-əxlaqi keyfiyyətlərə diqqət yetirib. Bu da onun fərqli olmaqla yanaşı həm də nümunəvi xüsusiyyətidir. Əlbəttə, qəzetin bu səviyyədə olmasında şübhəsiz ki, birinci baş redaktor Xeyrəddin Qoca, ondan sonrakı baş redaktor Alqış Həsənoğlunun da xüsusi xidmətləri var.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan”qəzetinin keçmiş baş redaktoru, deputat Hikmət Babaoğlu Alqış Həsənoğlunun qəzetə yenidən baş redaktor təyin olunmasına münasibət bildirərkən deyib.

Alqış Həsənoğludan sonra uzun müddət YAP-ın tapşırığına əsasən qəzetə rəhbərlik etdiyini xatırladan Hikmət Babaoğlu qeyd edib ki, indi yenidən partiya estafeti Alqış Həsənoğluna ötürür:

“Düşünürəm ki, Alqış Həsənoğlu intellekti, dünyagörüşü ilə fərqlənən ziyalılarımızdan biridir. Qəzetçilik təcrübəsi, ictimai-siyasi proseslərdə iştirakçılıq təcrübəsi imkan verir ki, o, bundan sonra “Yeni Azərbaycan” qəzetini arzuolunan səviyyədə rəhbərlik edə bilsin və qəzetin bu vaxta qədər əldə etdiyi nailiyyətləri bundan sonra da davam etdirsin. Mən buna inanıram.

Biz Alqışla gəncliyimizdən bəri əqidədaşıq, siyasi proseslərin içərisində olmuşuq, hər ikimiz YAP-ın ilk üzvlərindənik. Həm də jurnalist həmkar kimi dost olmuşuq, Həm Xeyrəddin Qoca, həm də Alqış Həsənoğlunun baş redaktorluğu dövründə mənim “Yeni Azərbaycan” qəzetində yazılarım dərc olunub. Alqış Həsənoğludan sonra qəzetə baş redaktor təyin olunanda məni ilk təbrik edən Alqış oldu. Dedi ki, sən buna layiq idin, səni təbrik edirəm.

Çox yaxşı fürsət oldu ki, dünən partiyamızın İdarə Heyətində Alqış Həsənoğlu qəzetə baş redaktor təyin olunanda ilk təbrik edən mən oldum. Dedim ki, hörmətli İdarə Heyətinin üzvləri, məni ilk təbrik edən Alqış Həsənoğlu olmuşdu, mən də onu ürəkdən təbrik edirəm və hesab edirəm ki, çox layiqli namizəddir. Ona görə də heç bir qısqanclıqdan söhbət gedə bilməz”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər