Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb İdarəsində tibb təminatı məsələləri üzrə işçi görüşü keçirilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə qonaqlara Azərbaycan Ordusunda cərrahi və terapevtik xidmətlərin təşkili, eləcə də sanitar-gigiyenik və əks-epidemik tədbirlər barədə brifinq təqdim edilib.
Görüşdə hər iki ölkənin hərbi tibb mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin təşkili ilə bağlı ətraflı müzakirələr edilib.
Sentyabrın 23-dək davam edəcək səfər çərçivəsində Belarus nümayəndə heyətinin Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə ziyarəti planlaşdırılır.