11 Noyabr 2014 17:19
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Türkiyə Respublikasının İstanbul Universitetinin “Prehistoriya və Anabilim Dalı” fakültəsinin Arxeologiya bölməsinə 6 aylıq təcrübəyə göndərilib. Tovuz Arxeoloji Ekspedisiyasının, İnstitutun “Gənc Alim və Mütəxəssislər Şurası”nın üzvü olan Valeh Ələkbərov bu təcrübəyə Təhsil Nazirliyinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı”na əsasən yiyələnəcək.

Teleqraf.com-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, V.Ələkbərov dissertasiyasının mövzusu ilə bağlı İstanbul Universiteti “Prehistoriya bölməsi”nin professoru Necmi Karul və Universitetin “Eski Çağ” şöbəsinin alimi Erkan Konyarın nəzarəti altında İstanbuldakı Arxeologiya institutlarında laboratoriya işlərində əyani olaraq işləyəcək. Eyni zamanda İstanbulda fəaliyyət göstərən “Alman Arxeologiya İnstitutu”, “Fransız Araşdırmalar İnstitutu”, “Anadolu Mədəniyyətlərinin Araşdırılması ilə məşğul olan İnstitut” və digər beynəlxalq kitabxanalarda Qərb ədəbiyyatının arxeologiya ilə bağlı son dövrlərdə nəşr edilmiş kitablarda yeni elmi baxışlara yiyələnəcək. Universitetin digər mütəxəssisləri professor, doktor Mehmet Özdoğan, yardımçı dosent, doktor Eylem Özdoğan və digər mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi əsasında V. Ələkbərov yeni bir araşdırma mövzusu tədqiq edəcək.

Bununla yanaşı V. Ələkbərov “İstanbul Arxeologiya Muzeyi”, “Diyarbakır Muzeyi”, “Ankara Anadolu mədəniyyətləri Muzeyi”, “Van Muzeyi”, “Erzurum Muzeyi” kimi Türkiyə muzeylərindəki neolit və eneolit dövrünə aid məskənlərdən aşkarlanmış keramika nümunələri üzərində araşdırmalar aparacaq, konfrans və seminarlarda iştirak edəcək.

Həmçinin, o, Cənubi Qafqazın neolit və eneolit dövrü ilə bağlı təcrübi bilikləri əsasında 6 ay müddətində Universitetin müəllim və tələbə heyəti qarşısında seminarlar və mühazirələr aparacaq.

Xatırladaq ki, gənc alim Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün 3-cü “Mobillik qrantı” müsabiqəsinin (EİF-Mob-3-2013-6(12)) qalibi olaraq “Arxeologiya elm sahəsi üzrə və qazıntılardan aşkar olunmuş materialların elmi ekspozisiyasının təşkil olunması istiqamətində yeni biliklərin əldə edilməsi məqsədilə qısamüddətli təcrübə keçmək” adlı layihə çərçivəsində 11 – 31.03.2014-cü il tarixində Yaponiyanın Tokyo Universiteti və universitet nəzdindəki muzeydə 3 həftəlik qısa müddətli təcrübədə də iştirak edib.

NİGAR


Müəllif:

Oxşar xəbərlər