Son zamanlar uşaqlar arasında soyuqdəymə, qrip, zökəm kimi respirator infeksiya xəstəlikləri geniş yayılıb. Valideynlər bu zaman ev şəraitində həkim məsləhəti olmadan antibiotik preparatları ilə müalicəyə başlayırlar. Bu, qətiyyən doğru deyil.
Bunu Teleqraf.com-a açıqlamasında pediatr Nigar Abdullayeva deyib.
Onun sözlərinə görə, antibiotiklər viruslara deyil, yanlız bakteriyalara təsir göstərir:
"Əgər uşaqda bakterial angina, məsələn, pnevmaniya zamanı antibiotik istifadə olunarsa, ölümlə nəticələnə bilər. Antibiotiklər bəzən həyata son qoyur. Sidik infeksiyaları, bakterial mənşəli ishal zamanı antibiotikdən istifadə etmək olar. Burada istifadə yalnız həkim məsləhəti ilə olmalıdır. Bəzi uşaqlarda isə antibiotiklərin istifadəsinə məhdudiyyətlər var. Məsələn, müəyyən antibiotiklər 8 və ya 12 yaşdan sonra istifadə olunmalıdır".
O qeyd edib ki, valideyn övladının həm fizioloji, həm də psixoloji sağlamlığı haqqında məlumatlara yiyələnməlidir: "Belə olduqda valideyn həkim göstərişi ilə də olsa, övladına antibiotik vurulmazdan əvvəl sınağın aparılmasını tələb etməlidir. Fəsadların baş verməsi valideynin tibbi maarifsizliyi, bu mövzularda olan məlumat azlığından qaynaqlanır.
Antibiotiklər uşaqlarda çəkiyə uyğun qəbul olunmalıdır. Antibiotikin özünün də qəbul müddəti var. Məsələn, bəzi antibiotiklər minimum 5, bəzən 7 gün, bəziləri isə 10 gün qəbul olunmalıdır. Bundan qısa müddətdə və aşağı dozada qəbul olunarsa, bakteriyada antibiotikə dözümlülük yaranır. Növbəti dəfə istifadə etdikdə artıq antibiotik təsir etmir və daha güclü antibiotikdən istifadə etmək lazım gəlir. Digər yan təsir isə allergik reaksiyalardır. Bu, özünü bədəndə müxtəlif səpkilər, şişkinliklər və anoflaktik şok şəklində göstərə bilər. Buna görə də antibotik iynə istifadə olunacaqsa, mütləq tibb müəssisəsində həkim nəzarəti altında tətbiq olunmalıdır. Çünki şok reaksiyasında dərhal həkim müdaxiləsi olmalıdır. Əks halda ölümlə nəticələnə bilər. Digər tərəfdən antibiotiklər bağırsaq mikroflorasını pozur. Antibiotikdən nəzarətsiz istifadə bağırsaqdakı faydalı infeksiyaların məhv olmasına, göbələk infeksiyalarının yaranmasına gətirib çıxarır".