6 Noyabr 2021 20:20
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində “Vətən müharibəsi-qələbənin simaları” fotomüsabiqəsinin qaliblərinin mükafatlandırılması və sərgi keçirilib.

Teleqraf.com xəbər verir ki, müsabiqə Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə əvvəlcə Zəfər tariximizi əks etdirən videoçarx nümayiş olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqədə məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.

Sentyabrın 30-dan start verilən müsabiqəyə fotolar noyabrın 1-dək göndərilib. Bir iştirakçıya bir neçə foto təqdim etmək imkanı verilib. Təqdim olunan fotolar müsabiqə müddətində instaqramda “foto.musabiqe” səhifəsində paylaşılıb.

Daha sonra fotomüsabiqənin qalibləri elan edilib. Dörd nominasiya üzrə qalib gələn fotoqraflar diplom və hədiyyələr, sərgidə əsərləri nümayiş olunan bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.

1-ci yer: Valeh Əliyev

2-ci yer: Könül Ələsova

3-cü yer: Murad Orucov

Qeyd edək ki, noyabrın 10-dək ziyarətçilərin ixtiyarında olacaq sərgidə münsiflər heyəti tərəfindən seçilən fotolar nümayiş etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər