Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda dəyirmi masa – konfrans keçirib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, İnsan hüquqları üzrə müvəkkili aparatının rəhbəri Aydın Səfixanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Anna Bayramova, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, respublikada fəaliyyət göstərən dini konfessiya və dini icmaların rəhbərləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan M.Qurbanlı bildirib ki, Azərbaycanda tolerantlığın möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Onun sözlərinə görə, ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. M.Qurbanlı qeyd edib ki, komitənin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük təcrübəni, qazanılan nailiyyətləri müzakirə etmək və ictimaiyyətə çatdırmaqdır: “Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı bir ölkədir. Ölkəmizdə tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb.
Azərbaycan tolerantlıq sahəsində dünyada ən qabaqcıl ölkələrdən sayılır. Bunu nəzərə alaraq, Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar komitə tərəfindən Azərbaycanda və bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir”.
M.Qurbanlı qeyd edib ki, komitə beynəlxalq miqyasda tolerantlıqla bağlı qəbul olunmuş sənədlər toplusu nəşr etdirib. Onun sözlərinə görə, topluda BMT, Avropa Şurası, ATƏT səviyyəsində tolerantlıqla bağlı qəbul edilmiş müxtəlif sənədlər əksini tapıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanın tolerantlıq sahəsindəki uğurlarını əks etdirən təqdimatla çıxış edərək ölkəmizdə tolerantlığın tarixi, bugünkü vəziyyəti barədə məlumat verib. Bildirilib ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalqlara və etnik qruplara öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Avropalı üçün tolerantlıq hüquqi borcdursa, Azərbaycan üçün bu, mənəvi ehtiyacdır. Azərbaycanda etnik azlıqların nümayəndələrinin öz adət-ənənələrinə uyğun yaşamaları üçün hər cür şərait yaradılıb.
Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələri Azərbaycanın xəritəsidir: “Hər dinin nümayəndəsinin öz yeri var. Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Azərbaycan dini, etnik, mədəni, siyasi, elmi sahələrdə tolerantlıq baxımından dünya üçün nümunədir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır”.
B.Muradova bildirib ki, Azərbaycanın Konstitusiyasında, qanunlarında da bu məsələyə xüsusi yer verilib. Onun sözlərinə görə, parlamentdə müzakirə olunan məsələlərdən biri də Azərbaycanın tolerantlığının dünya ictimaiyyətinə çatdırılmasıdır.
Dünyada ölkələr və xalqlar arasında müxtəlif münaqişələrə dini don geyindirməyə cəhd olunmasının narahatlıq doğurduğunu bildirən vitse-spiker qeyd edib ki, İslam dünyası beynəlxalq aləmdə münaqişələr dünyası kimi tanınmamalıdır.
İnsan hüquqları üzrə müvəkkili aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, əsrlərdən bəri Azərbaycanda yaşayan dini icmalara dözümlü münasibət mövcuddur: “Azərbaycanda məscidlərlə yanaşı, kilsə, sinaqoq və digər etiqad yerlərinin olması ölkəmizdəki tolerant mühitin əyani sübutdur. Tolerantlıq, eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasının təsdiqidir”.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu yer olub. O, Azərbaycanın tolerantlıq sahəsində bütün dünyaya nümunə olduğunu vurğulayıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Anna Bayramova Beynəlxalq Tolerantlıq Gününün tarixi haqqında danışıb. O bildirib ki, 1995-ci il noyabrın 16-da UNESCO-ya üzv dövlətlər tərəfindən tolerantlıq prinsipləri haqqında bəyannamə qəbul olunub və bu gün təsis edilib.
Qeyd edilib ki, Azərbaycan cəmiyyəti tolerantlıq prinsipləri üzərində qurulub. Ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndərin bu sahədə siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında tolerantlığın ölkəmiz üçün yeni anlayış olmadığını söyləyib. O deyib ki, Azərbaycan xalqı əsrlərdən bəri bu xüsusiyyətini nümayiş etdirir. Azərbaycan müxtəlif millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsidir.
Daha sonra QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, Bakı şəhəri, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Katolik icmasının rəhbəri Vladimir Fekete, Bakı şəhəri, Avropa yəhudiləri icmasının rəhbəri Gennadiy Zelmanoviç, Bəhai icmasının sədr müavini Rövşən Abbasov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun şöbə müdiri Sakit Hüseynov Azərbaycanın tolerantlıq ənələri ilə bağlı fikirlərini bildiriblər.
Müzakirələrlə davam edən tədbirdə birmənalı olaraq qeyd edilib ki, tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.
BƏXTİYAR