Fransanın Azərbaycandakı səfirliyində bu ölkənin elm və təhsil sahəsindəki xidmətlərə görə ən nüfuzlu mükafatı olan Akademik Palmalar Ordeninin təqdimetmə mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, səfir Zakari Qros fəxri mükafatı Universitet Təməl Mərkəzi (UFC) hazırlıq kurslarının rəhbəri Reyhan Hüseynovaya təqdim edib.
Diplomat bildirib ki, R.Hüseynova azərbaycanlı gənclər arasında fransız təhsilini yaymaq, onları Fransa ali məktəblərinə hazırlamaq üçün səmərəli işlər görür: “Hər il onlarla azərbaycanlının Fransada təhsil almaq arzusunu həqiqətə çevirirsiniz. Bu orden də bütün xidmətlərinizə görə ölkəmizin duyduğu minnətdarlığın rəmzidir”.
Səfir həmçinin azərbaycanlı gənclərin Fransada təhsil almasını başlıca hədəfləri arasında göstərərək bunun insanlar arasındakı təmasların artmasına, ölkələr arasında əməkdaşlığı genişlənməsinə təkan olduğunu qeyd edib.
Hazırda Fransa ali məktəblərində Azərbaycandan 85 nəfərin təhsil aldığı da diqqətə çatdırılıb.