18 Noyabr 2021 09:14
12 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk olaraq bilməliyik ki, dəridə səpki və hərarət varsa, bu yoluxucu xəstəliyə işarədir, allergiya deyil. Allergiya zamanı da hərarət ola bilir, ancaq bu, qısa müddətdə və kəskin halda davam edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında pediatr Aytən İsmayılzadə deyib.

Pediatr 10 xəstəlik zamanı qeydə alınan səpkilər haqqında danışıb:

“Koksaki virusu zamanı hərarətli günlərdən sonra ağız ətrafı səpkilər başlayır. Bu halda əllərə və ayaqlara da diqqət edilməlidir. Bu səpkilər yanlarda da ola bilər. Körpələrdə səpki bütün ayaq və qola yayıla bilir. Ağız içində, dildə, boğazda da səpkilər olur. Bu, koksaki virusuna xasdır.

Bu zaman səpkilər gövdəyə yayılmır. Sulanmağa, xoralaşmağa meyilli, göynərtili olur. Belə halda xüsusi heç nə etmirik. Özu bir həftəyə düzəlir. 6-7 yaş arası uşaqlarda isə hərarət olmaya bilər.

Əgər yüksək hərarət davam etdikcə qırmızı gözlər, bütün bədəndə sıx xırda səpkilər yaranırsa, səpkilər tikan kimidisə, uşaq çox narahat, halsızdısa, hərarət və səpkilər davam edirsə, bu, qızılca virusu da ola bilər. Bu halda mütləq həkimə müraciət olunmalıdır”.

Suçiçəyi, qızılca və məxmərək haqqında danışan mütəxəssis qeyd edib ki, ağırlaşmaların olmaması üçün bu xəstəliklərə qarşı peyvənd olunmaq mütləqdir: “Əgər uşaq hərarətdən və ya hərarətsiz, əhvalı pozulmadan, deyə-gülə səpirsə və bu səpkilər başın tüklü hissəsindən başlayıb bədənə yayılır və içi sulu, qaşınandırsa, bir yerində sulu səpki, bir yerində quruyan səpki görürüksə, çox güman ki, su çiçəyi virusudur. Ehtiyatlı olmaq vacibdir, çünki belədə ağırlaşma halları ola bilər.

Hərarət olmadan tək şəkildə sulu səpki, sonradan kənarlara doğru dərini açaraq yayılır, sulanır, üstü yara bağlayırsa və artırsa, bu, sarıyara xəstəliyindən xəbər verir. Streptodermiya və ya impetiqo da adlanır. Mikrob mənşəlidir, müalicə zamanı antibiotikə ehtiyac yarana bilər.

Hərarət, boyunda limfa düyünlərinin böyüməsi, halsızlıqla yanaşı solğun dəri üzərində xırda səpkilər varsa, məxmərək xəstəliyinə işarədir. Qızılca zamanı dəri qırmızı olur, hər ikisində ciddi ağırlaşma baş verir.

Əgər az hərarət fonunda çox halsızlıq, limfa düyünlərinin şişməsi, güclü boğaz ağrısı, qaraciyərin böyüməsi ilə bərabər səpkilər olursa, infeksion mononukleoz şübhəsi var. İnfeksionistə müraciət olunmalıdır.

Hərarətlə yanaşı bədən və əllərin içi, üstəlik ayaqaltı səpirsə, dil çiyələk kimi, yanaqlar və boğaz qıpqırmızıdırsa, skarlatina ola bilər. İlk həftə ərzində antibiotik qəbulu mütləqdir. Ürək və böyrəkdə ciddi fəsadlara səbəb ola bilər.

3-5 gün yüksək hərarətdən sonra ləkəli, solğun səpkilər görünürsə, altıncı virus xəstəliyi - rozeola ola bilər. Bu halda heç nə etmirik, xəstəlik özü sağalır.


Yüksək, düşməyən hərarət, skarlatina kimi yanan səpkilər, soyulmuş dil, səpib soyulan barmaqlar varsa, bununla yanaşı böyümüş limfalar, qan dolmuş kimi qırmızı gözlər, ürəklə bağlı şikayətlər, halsızlıq, təngnəfəslik kavasaki xəstəliyinin əlamətləri ola bilər.

Səbəb bilinmir, nə mikrobdur, nə də virus. Damarların iltihabı baş verir və bu zədələnmə daxili sistemlərə əsas da ürəyə təsir edir.

COVID zamanı da səpkilər ola bilir. Bir neçə belə hal ilə rastlaşmışam. Dünya təcrübəsində də var. Yəqin ki, COVID xəstələri ilə məşğul olan həkimlərimiz də təsdiq edər. COVID-in ağırlaşması olan Mis-C sindrom da kavasaki sindroma oxşar olur”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər