Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqon parkında növbəti yanğın-taktiki təlim keçirib.
Teleqraf.com-un məlumatına görə, təlimin əsas mövzusu elektrik deposunun ərazisində yerləşən vaqon parkında dayanan qatarda baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Əvvəlcə, şərti yanğın hadisəsi barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”. Daha sonra Dövlət Yanğından Mühafizə Xidmətinin 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək “yanğını söndürüblər”.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.