24 Noyabr 2021 17:30
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının Jurnalistika ixtisası üzrə müəllimi Nərgiz Cavadzadənin təşəbbüsü ilə dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqətinin Jurnalistika ixtisasında təhsil alan ikinci və dördüncü kurs tələbələri ilə görüşü keçirilib.

Teleqraf.com-un məlumatına görə, indiyədək dünyanın ayrı-ayrı qaynar nöqtələrində çəkilişlər edən məşhur fotoqraf "Fotoqrafiya universal dildir" mövzusunda təqdimat edib. Rza Diqqəti 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan Qarabağda, eləcə də Əfqanıstan, Suriya, Afrikada müharibə bölgələrində çəkdiyi fotoları tələbələrə nümayiş etdirib.

Təqdimatdan sonra tələbələrin suallarını cavablandıran Rza Diqqəti bəlkə də ən yaxşı fotosunun çəkə bilmədiyi foto olduğunu deyib. Onun sözlərinə görə, ən yaxşı kadrı tutmaq imkanı olsa da, köməyə ehtiyacı olan insana yardım əli uzatmaqla onu çəkmək fürsətini qaçırıb. İndiyədək Fransa və Avropanın bir çox şəhərlərində böyük sərgi salonlarında Azərbaycan həqiqətlərinin əks olunduğunu fotoları nümayiş etdirdiyini vurğulayan qonaq fotoların ən təsirli vasitə olduğunu diqqətə çatdırıb.

Rza Diqqəti üç dəfə ermənilərin ona snayperdən atəş açdığını söyləyib: "Biri Şuşa yolunda papağımı apardı, bir dəfə qulağımı cızdı, bir dəfə isə ağayımın arasından keçdi".

Fotoqraf Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad olunduğuna görə çox sevindiyini söyləyib, vaxtilə işğal zamanı gördüyü Şuşa ilə azad olunan Şuşa arasında paralel aparıb: "1992-ci ilin mayında mən Şuşaya gedəndə şəhər mühasirədə idi, avtomobillə getmək olmurdu. Bir yol tapmışdım, o da Cıdır düzündən idi, erməni snayperçiləri vururdular. Düşünürdüm ki, mütləq Şuşaya getmək lazımdır, Şuşada nə ordu, nə müdafiə xətti qalmışdı, axır günləri idi. Bilirdim ki, ermənilər gəlib muzeyləri, evləri dağıdacaqlar. Şuşanın işğalından 2021-ci ilin noyabr ayına qədər ürəyimdə Şuşa dərdi var idi. Şuşa azad edilən kimi getdim, oraya gedəndə məni sevinc hissi bürüdü ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir yandan da Şuşanın azad edilməsinə inana bilmirdim. Axı, Şuşanın coğrafiyası fərqlidir. Mən dünyada dağ müharibələri görmüşəm, ona görə mənə inanmaq çətin idi ki, Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan əsgərləri piyada Cıdır düzünə çıxmışdılar. Qarabağ azad ediləndə tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər buraları nə vəziyyətə salıblar. Erməni bilir ki, Qarabağ onun deyil, dünyada heç bir millət öz evini yandırmaz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər