25 Noyabr 2021 10:26
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatla Ermənistan silahli birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsi barədə razılıq əldə edildi. Ermənistanın Rusiya vasitəsilə Azərbaycandan xahişi əsasında bu müddət 25 noyabra qədər uzadıldı. Nəhayət, 25 noyabr 2020-ci il tarixinda Kəlbəcər işğaldan azad edildi, Azərbaycan Silahlı Qüvvələri Kəlbəcərə daxil oldu.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib

O qeyd edib ki, Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir: “Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və başqa kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir”.

Deputat bildirib ki, işğal dövründə Kəlbəcər rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır:

“1993-cü ilin qiymətlərinə görə, Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 50 dinc əhali öldürülüb, 20 nəfər isə əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin Ermənistanın işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi”.

Ceyhun Məmmədova görə, hazırda işğaldan azad olunmuş digər ərazilər kimi, Kəlbəcərdə də müxtəlif infrastruktur layihələri reallaşdırılır: “Cari ilin 16 avqust tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğana-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydular. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək.

Daha sonra “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış oldular, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışını etdilər. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyuldu. Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılacaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar”.


Müəllif: Tapdıq Qurbanlı