11 Dekabr 2021 13:00
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Media haqqında" qanunda medianın bugünkü vəziyyətini düzəltmək istiqamətində nəsə olacağını gözləsəm də, bu olmadı. Qanunda ancaq təsnifatlar var. Müəyyən dərəcədə ümumiləşdirmə və dəqiqləşdirmələr var. Əvvəlkindən fərqli olaraq artıq media haqqında bir qanun var. Reyster tətbiq olunacaq, jurnalistlərə vahid kart veriləcək. Sadəcə olaraq, texnoloji cəhətdən yeni platformaların hazırlanması qanunun yenidən işlənib ortalığa çıxarılması idi. Medianın vəziyyətinin düzəldilməsi, sərbəstliyi, özünü maliyyələşdirmək üçün şərait yaradılması barədə qanunda demək olar ki, nəsə görmədim. Sadəcə olaraq bir bənddə gördüm ki, reysterə düşən media orqanlarının əməkdaşlarının güzəştli kredit almaq imkanı olacaq.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında media ezrə ekspert Elçin Şıxlı deyib.

Ekspert fikirləşir ki, qanuna yenidən nəzər salınıb, dəyişikliklər edilməlidir:

“Qanun müzakirəsi zamanı deputatlardan biri tərəfindən qəribə təklif səsləndirildi: "Jurnalistlər də digər peşə sahibləri kimi hər il test imtahanlarından keçirilsin”. Bu təklifi verən millət vəkili anlamır ki, jurnalist hər gün yazısı ilə test verir. Əgər jurnalist yazı yazmırsa, proqram hazırlamırsa, bu o deməkdir ki, işə götürən onu işdə saxlamayacaq.

Doğrudur, qanun üzərində böyük iş görülüb, 80-dən artıq maddə var. Bu qanunun nə qədər yaxşılığa yaxud geriyə addım atmağa səbəb olacağını zaman göstərəcək. Çünki bu layihədir, ola bilər ki, müəyyən müzakirələr zamanı müsbət məqamlar, yaxud jurnalistlərin fikirlərini nəzərə alsalar, xeyli düzəlişlər ola bilər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər