Dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.
Qurumdan Teleqraf.com-a verilən məlumata görə, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyinə “AHİK-in IV Məclisinin çağırılması haqqında”, AHİK-in Məclisinin tərkibində dəyişikliklər edilməsi barədə”, “Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş hərbi qulluqçuların övladlarının himayəyə götürülməsi və şəhid ailələrinə birdəfəlik yardım göstərilməsi haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.
Sonra məsələlərin müzakirəsinə başlanılıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra mühüm tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər nümunəvidir. Bu cür nəcib təşəbbüsləri həmişə dəstəkləyən Azərbaycanın həmkarlar ittifaqları da Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 164 şəhidin 274 nəfər azyaşlı uşaqlarını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir.
Qeyd olunub ki, bu il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçunun şəhid olması xəbəri hamımızı dərindən kədərləndirdi. Onların da ailələrinin sosial problemlərinin həllinə kömək göstərilməsi nəzərdə tutulub.
İclasda DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladının himayəyə götürülməsi və onların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstərilməsi barədə qərar qəbul olunub. Həmçinin qərarda qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1 000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi nəzərdə tutulub.
Daha sonra “AHİK-in IV Məclisinin çağırılması haqqında”, AHİK-in Məclisinin tərkibində dəyişikliklər edilməsi barədə”, həmçinin gündəlikdə olan digər cari və təşkilati məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tövsiyə edib.
S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.
Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.