İctimai-siyasi xadim Mirzəbala Məhəmmədzadənin “Azərbaycan mühacirlik mətbuatının 30 illiyi” adlı məqaləsinin davamını təqdim edirik:
Moskva “Yeni Qafqasiyə”nin nəşriyyatına təhəmmül edə bilmirdi. Həqiqətləri hayqıran bu azad səsi susdurmaq üçün əlindən gələni etməkdən çəkinmirdi. Sovet Rusiyasının o zamankı Xariciyyə komissarı Çiçerin 1925-ci ilin başlarında Tiflisdə baş tutan üçüncü Sovet qurultayından dönüşündə Bakıda Azərbaycanın dördüncü Sovet qurultayında irad etdiyi nitqində, “Son zamanda müsavatçıların Türkiyədəki fəaliyyəti bilxassə artmışdır. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət edərək Sovet hökuməti əleyhinə yönələn bu qəbuledilməz intriqaları protest və buna nəhayət verilməsini tələb etdik.
Müsavatçıların propaqandası bilxassə bu son günlərdə çoxalmışdır. Azərbaycanda müsəlmanlara təzyiq edildiklərinə dair əski fəryadlar təkrar olunur, müsəlman əhalisi tərəfindən təkrar şikayətlər gəlir, müavinətlər tələb olunur” dedikdən sonra müsavatçılara cavab olmaq üzərə “Azərbaycanın nümunə təşkil edəcək bir Sovet respublikası” halına gətirilməsini təklif edirdi. İstər bu qurultayda və istərsə də Bakı qəzetlərində Azərbaycan kommunistlərindən Musabəyov, bu gün “aradan götürülmüş” Bağırov, sonralar Bağırovun əli ilə boğazlanan Ruhulla Axundov, Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Mustafa Quliyev və Rayevski “Yeni Qafqasiyə” ilə məşğul oldular. “Yeni Qafqasiyə” ilə yalnız Bakı və Tiflis qəzetləri deyil, Moskva, Kazan və Daşkənd kommunistləri də məşğul olurdular. Kin və hiddətini “Yeni Qafqasiyə”yə “jurnalcıq” demək surəti ilə tətmin edən “Pravda”dan başqa Sovet Elmlər Akademiyası nəşriyyatından “Yeni Şərq” (Novıy Vostok) jurnalı da “cavablar” dərc edirdi. Kazanlı kommunistlərdən Alimcan İbrahimov “Qara mayaklar” adı altında nəşr etdiyi bir kitabında Məhəmmədəmin bəy Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsəri ilə “Yeni Qafqasiyə” dərgisinə ayırdığı səhifələrdə bu nəşriyyatı Sovet rejiminə qarşı “ən zəhərli ədəbiyyat” olaraq təsvir etmiş və bu “zəhərli ədəbiyyat”ın “sadəlövh bəzilərini inandıracaq mahiyyətdə olduğunu” etiraf etmişdi.
“Yeni Qafqasiyə”nin Azərbaycan istiqlalı ilə birlikdə bütün əsir millətlərin, o cümlədən rus əsarətindəki türklərin hürriyyət və istiqlalını dəxi müdafiə etməsi yalnız kazanlı bolşevikləri deyil, Türküstandakı Moskva uşaqlarını da narahat etmişdi. Bu narahatlığın bir təzahürü olaraq Daşkənddə intişar edən “Qızıl Özbəkistan” qəzetində çıxan bir məqaləni 15 iyun 1927 tarixli “Bakinski raboçi” azərbaycanlılara nəql etməyi ihmal etmişdi.
“Yeni Qafqasiyə”nin Azərbaycan, Gürcüstan, Türküstan və İdil-Uralda bu qədər geniş diqqət oyandırması səbəbsiz deyildi. “Türk ocaqları” tərəfindən bütün şöbələri üçün abunə olmaq surətilə Anadolunun dörd bir tərəfinə yayılan, İran, Əfqanıstan, Hindistan və Ərəb məmləkətlərinə qədər hülul edən və bolşevikliyin rus imperializmindən başqa bir şey olmadığını dəlilləri ilə isbat və ifşa edən “Yeni Qafqasiyə” Sovetlərdəki rus olmayan millətlərin bütün insani və mədəni haqlardan məhrum əsir və kölə vəziyyətlərini aydınlatmaqla Moskvanın aldadıcı propaqandasını çürüdürdü.
“Yeni Qafqasiyə” müstəqil Qafqazın, Türkiyə və İran başda olmaq üzərə bütün müsəlman şərq üçün qırmızı təhlükəyə qarşı bir sədd təşkil edəcəyini yazır, Türkiyə mətbuatındakı əkslərə görə bu xüsusda inandırmağa müvəffəq dəxi olurdu. Yuxarıda nitqindən bəhs etdiyimiz Çiçerindən sonra Tiflis qurultayında danışan Rıkovun sözləri Moskvanın niyə əndişə etdiyini göstərməsi baxımından çox mənalıdır. Rıkov “Pravda” qəzetinin 1925-ci il tarixli 51-ci sayında çıxan nitqində demişdi ki: “Qafqaz cümhuriyyətləri birbaşa Türkiyə və İranla bitişikdir. Cahangir dövlətlər vaxtilə bu məmləkətlər vasitəsi ilə keçmiş rus imperatorluğuna təsir edirdilər. İndi də Sovetlər Birliyinə təzyiq etmək istəyirlər”.
Çiçerin isə Qafqazın əhəmiyyətinin Bakını ehtiva etməsindən, onun qiymətli neftindən irəli gəldiyini söylədikdən sonra bunları əlavə etmişdir: “Bakı elə bir gözəldir ki, hər yad macərapərəst onu doğma yurdundan oğurlamaq istəyər”.
Macərapərəst Rusiyanın oğurlamış olduğu Azərbaycanın o gözəllər gözəli Bakısını əldən buraxmamaq üçün moskvalı komissarları Tiflis və Bakıya qədər gətirən hadisə 1924-cü ildə baş qaldıran ümumi və silahlı ayaqlanma idi. Gürcüstanda başlayan və bütün Qafqaza yayılan bu ayaqlanmanı “Yeni Qafqasiyə” günbəgün təqib etmiş və bütün təfərrüatı ilə dünyaya əks etdirmişdir. Bu münasibətlə Türkiyə mətbuatında da hərarətli yazılar nəşr olunurdu. O cümlədən “İqdam”ın baş mühərriri mərhum Əhməd Cövdət bəy də bu sətirləri yazırdı:
“Türk olmaq hasəbi ilə kəmali-səfvətlə söyləyəcəyik ki, həmirqimiz olan azərbaycanlıların məruz qaldıqları qıtal bizi son dərəcə mütəəllim edir. Bolşevik idarəsinin şiddəti ilə Azərbaycan türklərinin və baxüsus ərbabi-irfanının məruz qaldıqları fəcayi tüklərimizi ürpədir. Tökülən qadın, çoluq-çocuq qanı acısıyla, icrayi-məzalim edənlərə lənət oxuyuruq. İnsaniyyətdə müştərək olduğumuz hasəbilə gürcülərə də o qədər acıyırıq. Qəlbimiz daş deyil ki, hissiyyatsız olaq. Söyləməliyik ki, bolşevizm hüquqi-şəxsiyyə namına, hüquqi-insaniyyə namına bir prinsip tanımaq istəməyəcək olarsa, qonşularına da əmniyyətbəxş ola bilməz. Hüdudlarımızın o biri tərəfində cərəyan edən vaqiəyi-müdhişə bizi titrədir... Binaənəleyh, Türkiyə türklərinin, Azərbaycan və Gürcüstan Cümhuriyyətləri vaqiyəni gözdən iraq tutmalarında haqları müsəlləmdir”.
Türkiyə mətbuatının bu qardaşca diqqəti “Yeni Qafqasiyə”nin bir zəfəri idi. Bu səbəblədir ki, Moskva bu dərgini qapatdırmağa çalışırdı.
*
Bununla bərabər “Yeni Qafqasiyə” 1927-ci ilin sonuna qədər davam etdi. Onu 1928-ci ildə eyni proqram və kadro daxilində “Azəri Türk” təqib etdi. “Azəri Türk”ün tətilindən sonra 1929, 1930 və 1931-ci illərdə milli Azərbaycan nəşriyyatı olaraq “Odlu yurd” dərgisi ilə həftəlik “Bildiriş” qəzeti intişar etmişdir.
Sovet hökumətinin müdaxilə və tələbi üzərinə bu nəşriyyatın əngəllənməsi ilə mühacirətdə azad milli mətbuatın İstanbul dövrü qapanmış, 1932-ci ildən etibarən Avropa dövrü başlamışdır. Bu hadisə Azərbaycandakı müstəvli qüvvəti və onun satılmış uşaqlarını sanki vəcdə gətirmişdi. Azərbaycan Kommunist Partiyasının 20-ci Bakı konfransında bu münasibətlə bəyanatda bulunan Polonski ilə Ağa Sultanov “yoldaşları”nı müjdələyərək demişdilər ki: “Müsavatçılar xarici ölkələrdə bizim əleyhimizə ciddi mücadilə aparırlar. Lakin onlara yeni zərbə vurulmuşdur: İstanbulda çıxan mətbu orqanları “Azəri Türk”, “Odlu yurd” və “Bildiriş” dərgiləri ilə Türküstan mühacirlərinin orqanı “Yeni Türküstan” qapadılmışdır”.
“Müsavatçıların Sovet Azərbaycanına qarşı açıq mücadilə vasitəsindən məhrum edilməsindən məmnuniyyət” duyduqlarını da gizlətməyən sevinci uzun davam etməmişdi. Eyni günlərdə 10 yanvar 1932-ci ildə Berlində “İstiqlal” qəzeti nəşrə başlamışdır. Bütün “zərbə”lərə rəğmən istiqlal mücadiləsi səsinin qısılmayacağını elan edən “İstiqlal” 1934-cü ilin sonlarına qədər davam etmişdir. Azərbaycan mühacirətinin mühüm bir qisminin yaşamaqda olduğu Türkiyəyə “İstiqlal”ın girməsi yenə Sovetlərin tələbi üzərinə mən edildikdən sonra “İstiqlal”ın yerinə aylıq “Qurtuluş” jurnalı intişara başlamış və İkinci Dünya müharibəsinin başlanğıcı olan 1939-cu ilin sentyabrına qədər müntəzəm surətdə davam etmişdir. Eyni proqram və eyni kadro ilə “Yeni Qafqasiyə” ənənəsini davam etdirən “Qurtuluş”un Sovet mətbuatı ilə münaqişə ilə keçən bütün ömrü boyunca həmən hər nüsxəsinin Türkiyəyə girməsi protest edilmiş, bu üzdən Türkiyə üçün hər saya ayrı adlar qoymaq icab etmişdir.
“Qurtuluş”un almancası da intişar edirdi. Ayrıca Müsavat orqanı olmaq üzərə Avropa dövründə “Müsavat bülteni” nəşr olunmuşdur. Bu qəzet və dərgilərdən başqa milli nəşriyyatdan olmaq üzərə yenə Məhəmmədəmin bəy Rəsulzadənin ümumi nəzarət və müdirliyi altında müxtəlif risalə və kitablar nəşr olunmuşdur ki, bunlar arasında “Azərbaycan Cümhuriyyəti”ndən başqa Məhəmmədəmin bəy Rəsulzadənin “Əsrimizin Səyavuşu”, “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi”, “Milliyyət və bolşevizm”, “Rusiyada siyasi vəziyyət”, “İstiqlal məfkurəsi və gənclik”, “Panturanizm və Qafqaz problemi” və “Çağdaş Azərbaycan ədəbiyyatı” mühüm yer işğal edər. Mərhum Miryaqub bəyin “Beynəlmiləl siyasətdə petrol”, “Qafqaz məsələsi” və “Beynəlmiləl vəziyyət və Sovetlərdə milliyyət məsələsi”, Mirzəbalanın “Azərbaycan misaqi-millisi” və “Milli Azərbaycan hərəkatı tarixi” və Hilal Münşinin almanca “Azərbaycan Cümhuriyyəti” milli nəşriyyat arasındadır. Milli nəşriyyat seriyasından olmaq üzərə “Yeni Qafqasiyə”də intişar edən vətənpərvəranə şeirlər də bir araya gətirilmiş və “İstiqlal uğrunda” başlığı altında təb edilmişdir.
Azad milli Azərbaycan mətbuatının Avropa dövründə (1932-1934) İstanbulda professor Əhməd Cəfəroğlunun müdirliyi ilə “Azərbaycan yurd bilgisi” adı altında elmi bir dərgi intişar etmişdir.
İkinci Dünya müharibəsi əsnasında milli nəşriyyat dayanmışdır. Bu dövrdə alman orduları səflərində çarpışan istiqlalçı azəri legionerlərinin orqanı olmaq üzərə Almaniyada intişar edən “Azərbaycan” qəzeti ilə yalnız bir neçəsi nüsxəsi çıxa bilən “Birlik” dərgisi bu boşluğu təlafi edirdi. İkinci Dünya müharibəsindən sonra Ankarada təşəkkül edən Azərbaycan Kültür Dərnəyinin 1952-ci ildən bəri nəşr etdiyi aylıq “Azərbaycan” dərgisinin bu günə qədər 16 sayı çıxmışdır. Getdikcə mükəmməliyyətə doğru bir tərəqqi əsəri göstərən və bugünkü şərtlər daxilində mühacirətdəki azad Azərbaycan milli mətbuatının biricik müməssili sayıla biləcək “Azərbaycan”da “Yeni Qafqasiyə”dən “Qurtuluş”a qədər mühacirətdəki yazarlar kadrosu başda olmaqla eyni qələm ailəsinə mənsub yeni və gənc əməkdaşlar iştirak etməkdədir. Azərbaycan Kültür Dərnəyinin tərtib etdiyi konfranslardan ibarət bir nəşriyyat seriyası da vardır. İndiyə qədər intişar etmiş on broşuranı ehtiva edən bu seriyada tarix, ədəbiyyat, sənət, iqtisadiyyat və kültür mövzularında Məhəmmədəmin bəy Rəsulzadənin üç, Əbdülvahab bəyin dörd, Mirzəbalanın bir və Kərim Odərin bir əsəri vardır. Ayrıca vaxtsız vəfat edən milli şair Almas İldırımın seçilən şeirləri də bu nəşriyyat arasındadır. 1951-ci ildə Türkiyə Cümhuriyyəti Maarif Vəkaləti tərəfindən təb edilən və Məhəmmədəmin bəy Rəsulzadənin qələmindən çıxan “Azərbaycan şairi Nizami” mühacirət dövründəki azad Azərbaycan milli nəşriyyatının ən mükəmməl əsəri sayıla bilər. Yorucu bir tədqiq məhsulu olan bu elmi əsər Nizaminin 1941-ci ildə tamamlanan 800-cü ildönümünə ithaf edilmişdir.
Azad Azərbaycan milli mətbuatının dövründəki otuzuncu ildönümünü qeyd edərkən Milli Azərbaycan otuz-otuz üç illik istiqlal mücadiləsinə sənəd və qaynaq mahiyyətində olan bu nəşriyyatın izahlı bir biblioqrafiya lüğətinə möhtac olduğunu da xatırlatmaq istərdik. İstiqlal mücadiləsinin siyasi, əsgəri, kültürəl, iqtisadi və ictimai sahələrdəki səhifələrini asanlıqla təqib etmək üçün belə bir metodik və sistematik rəhbərə lüzum vardır.
“Birleşik Kafkasya”, Eylül 1953, Nr.9 (26)