Sosial şəbəkələrin müasir dövrdə ailə həyatının bir parçasına çevrildiyi demək olar ki, bütün respondentlər tərəfindən səsləndirilib. Lakin sosial şəbəkələrlə bağlı daha geniş yayılmış fikir onların mənfi təsiri ilə bağlıdır.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının rəhbəri Mahirə Əmirhüseynova deyib.
Onun sözlərinə görə, sorğuda iştirak edən 3 respondent sosial şəbəkələr üzərindən qurulan tanışlıqların ailə strukturuna iki formada ciddi zərbə vurduğunu müşahidə etdiyini qeyd edib:
"Çoxsaylı boşanmış ailələrlə işləyən hüquaşünas bu problemin olduqca cidd olduğunu, 7 illik baş məsləhətçi olaraq çalışan respondent isə sosial şəbəkələrdə tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsinin sonradan ailələrin dağılmasına, hətta cinayət faktlarına gətirib çıxarmasından narahat olduğunu bildirib.
4 respondent sosial şəbəkələrin ailə daxilində ünsiyyət problemi yaratdığını nəzərə çatdırıb. Onlar düşünürlər ki, sosial şəbəkələrin müsbət tərəfi yoxdur. Sosial şəbəkələr ailədə fərdləri bir-birindən uzaqlaşdırır. İnsanlar sanki sosial şəbəkələrlə yaşayırlar. Ünsiyyət qıtlığı yaranır".