Yanvarın 5-dən etibarən ali məktəblərdə 2021/2022-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. Ötən ildən fərqli olaraq bu il imtahanlar ənənəvi qaydada təşkil olunacaq. Lakin pandemiya davam etdiyi üçün tələbələrin virusa yoluxma ehtimalı da az deyil. Maraqlıdır, belə olan halda universitetlər hansı addımı atır? COVID xəstəsi olan tələbələrin imtahanlarda iştirakı necə təşkil olunacaq? Onlara hər hansı güzəştlər ediləcəkmi?
Teleqraf.com mövzu ilə bağlı Azərbaycan universitetləri arasında sorğu keçirib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) verilən məlumata görə, hazırda COVID-19 virusuna yoluxmuş bir neçə tələbə var. Universitetdən bildirilib ki, bəzi tələbələrdə və yaxud onların ailəsində virusa yoluxma halı qeydə alındığına görə belə tələbələrlə onlayn formatda imtahanlar təşkil olunub. Onlar onlayn olmaq şərtilə digər tələbələrlə eyni vaxtda imtahanlarda iştirak edirlər.
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) isə COVID-19-a yoluxan tələbələr üçün imtahan sessiyası yenidən təşkil olunacaq. Həmin tələbələr fevral ayının 7-15-i aralığında qış sessiyası imtahanlarında iştirak edəcəklər.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də tələbələr hər hansı üzrlü səbəbdən (sağlamlıq, ailə üzvünün itirilməsi, ana olmaq və s.) imtahanda iştirak etmədikdə həmin tələbələr üçün sessiyanın sonunda iştirak etmədiyi imtahanlar yenidən keçiriləcək. COVID-19-a yoluxma da bu kimi hal olduğu üçün yoluxan və ya karantində olan tələbə imtahana buraxılmır. Sonda onun üçün həmin imtahan(lar) yenidən təşkil olunur. Bu hallarda iştirak edilməyən imtahanlar kəsr sayılmır və təqaüd məsələlərinə təsir etmir.
Azərbaycan Dillər Universitetində (ADU) isə COVID-ə yoluxan və ya ailəsində COVID xəstəsi olan tələbələr rektorun adına ərizə yazmalıdırlar. Əgər onların özləri və ya ailələrində kimsə COVID-ə yoluxubsa rektorun icazəsiylə imtahan müddətində olmasa da növbəti semestr başlanılana qədər onlar üçün yenidən imtahanlar təşkil olunur.
Universitetdən verilən məlumata görə, hazırda iki tələbənin hər iki valideyni COVID-19 virusuna yoluxub. Onlar rəsmi şəkildə rektora müraciət ediblər. Bu müraciətdən sonra həmin tələbələr üçün 5 fevralda imtahanlar təşkil olunacaq.
Azərbaycan Texniki Universitetində (AzTU) digər ali məktəblərdə olduğu kimi imtahan sessiyası ərzində tələbə COVID-19 virusuna yoluxarsa, sessiya bitdikdən sonra həmin tələbə üçün xüsusi imtahan günləri təyin olunacaq.
Universitetdə qış imtahan sessiyası fevralın 2-dək davam edəcək. Hazırda ali məktəbin bütün tələbələri cədvələ uyğun imtahanlarda iştirak edirlər.