Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən gələn il icra olunması nəzərdə tutulan sosial xidmətlərin prioritet istiqamətləri müəyyən olunub.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, UNİCEF-lə əməkdaşlıq şəraitində müəyyən edilən bu prioritetlərdən biri kimi, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərə tutulur.
Sosial sifarişlər üzrə gələn il müsabiqələrin elan olunması zamanı digər prioritetlər kimi, bu istiqamət də diqqətdə saxlanacaq. Burada əsas məqsəd uşaqların de-institusionalizasiya və alternativ qayğı tədbirləri ilə əhatə olunması, onların dövlət uşaq müəssisələrinə düşmək riskinin minimuma endirilməsidir. Bu, həmçinin gün ərzində uşaqların qayğısını çəkmələri səbəbindən işləmək imkanı olmayan valideynlərin əmək fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmaq məqsədinə xidmət edir.
ƏƏSMN-nin sosial sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən cari ilin ötən dövründə icra olunan layihələr çərçivəsində hazırda respublikanın 11 rayonunda (Lənkəran, Yardımlı, Ağsu, Tovuz, Astara, Beyləqan, Yevlax, Qax, Ağcabədi, Qazax Bərdə) günərzi qayğı mərkəzləri yaradılıb.
Naibə