24 Yanvar 2022 14:49
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun gələcək variantları “omikron”dan daha yoluxucu ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove təşkilatın sosial şəbəkələrdə yayımlanan “Beş dəqiqə ərzində elm” proqramında çıxış edərkən bildirib.

O deyib: “Bu virus nə qədər çox dövr edərsə, onun bir o qədər daha çox dəyişilmək imkanı var. “Omikron” bizim müzakirə edəcəyimiz sonuncu variant olmayacaq. Gələcəkdə narahatlıq doğuracaq variantların əmələ gəlməsi ehtimalı olduqca realdır”.

Kerkhove qeyd edib ki, koronavirusun yeni ştamlarının xassələri barədə hazırda məlumat yoxdur, lakin onlar şübhəsiz, daha da yoluxucu olacaq, çünki onlar hazırda dövr edən variantları üstələməlidirlər. Bu yeni ştamlar xəstəliyin “daha ağır və ya daha yüngül” gedişatına səbəb ola bilərlər, lakin onlar da immunitetin təsirindən qaçmaq qabiliyyətinə malik olacaqlar.

Ekspert gələcəkdə narahatlıq doğuracaq variantların əmələ gəlmə riskini azaltmağa çağırıb. Onun sözlərinə görə, bu, ağır xəstəliklərin qarşısını almaq və səhiyyə sisteminin həddən artıq yüklənməsinə yol verməmək üçün lazımdır. Mariya van Kerkhove bununla bağlı xatırladıb ki, koronavirusa yoluxan insanlar xəstəliyin uzunmüddətli fəsadları riskinə məruz qalırlar və COVID-19-un uzun müddət davam etməsi baxımından mütəxəssislərə hələ hər şey aydın deyil. Buna baxmayaraq, “omikron” ştamının “delta” variantına yoluxma ilə müqayisədə orta hesabla xəstəliyin daha ağır gedişatı ilə nəticələnməsi barədə getdikcə daha çox məlumat daxil olur. Ekspert sonda əlavə edib ki, “omikron” əvvəlki kimi təhlükəli olaraq qalmaqdadır və onu zəif hesab etmək lazım deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər