20 Noyabr 2014 12:11
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tək region üçün deyil, beynəlxalq aləm üçün təhlükə mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası ilə bağlı narahatçılıqlar səngimir.

Beynəlxalq qurumların hesabatlarını qulaqardına vuran Ermənistan hökuməti isə stansiyanı işlətməkdə davam edir. Əksəriyyət hesab edir ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin region üçün təhlükəli olması barədə qonşu dövlətlər də öz təhlükəsizlikləri nöqteyi-nəzərindən çıxışlar etməli və mövqelərini beynəlxalq ictimaiyyətə nümayiş etdirməlidir. Teleqraf.com-un məlumatına görə, bu günlərdə nüfuzlu “Hazar World” jurnalında dərc edilən hesabatda da qeyd edilir ki, Ermənistan enerji təminatının Metsamor AES-dən asılı olduğunu bildirsə də, əslində, həmin ölkə İrandan aldığı qazla özünün enerji təhlükəsizliyini təmin edir. Ancaq belə fikirlərin səslənməsinə baxmayaraq, Ermənistan stansiyanın fəaliyyətinin dayandırılması üçün heç bir addım atmaq istəmir. Türkiyə, Azərbaycan, Gürcüstan dəfələrlə bəyan edib ki, Metsamor AES dünyanın ən təhlükəli nüvə stansiyasıdır. Ankara bəyan edib ki, fəaliyyət müddətinin sonuna bir neçə il qalmış Ermənistan Türkiyə ilə sərhəddin 16 kilometrliyində bu stansiyanı işə salıb və stansiya daha 12 il təhlükə mənbəyi olaraq qalacaq.

“Ağrı dağının kölgəsində yerləşən bir bölgəyə yaxın yerdə inşa edilən Metsamor AES saatlı bir bombadır. Bu stansiya Ermənistanın elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. İşğalçılıq siyasəti üzündən Azərbaycan və Türkiyə ilə sərhədləri qapalı olan Ermənistan enerjiyə olan tələbatını bu stansiya ilə ödəyir. Ermənistan anlamır ki, seysmik zonada yerləşən ölkədə 1988-ci il zəlzələsi təkrarlanarsa, bunun fəsadları daha ağır olacaq. O zaman 25 min insan həyatını itirmişdisə, bu dəfə say on minləri keçəcək. Zəlzələdən sonra stansiyada baş vermiş nasazlıq ücbatından Sovetlər Birliyi rəhbərliyinin qərarı ilə AES bağlandı. Elə həmin qəzada generatorun partlaması və əlaqə kabellərinin yanması nəticəsində stansiyanın onsuz da etibarlı olmayan müdafiə sistemi də məhv oldu. 1995-ci ildə bağlanan stansiyanı işə salmaqla Ermənistan hökuməti xalqını məhvə aparır” - deyə jurnalda qeyd edilib. 2004-cü ildə Avropa İttifaqı Metsamor AES-i “bütün bölgə üçün təhlükə” olduğunu söyləyərək stansiyanı bağlanmaq üçün Ermənistana 200 milyon avro kredit təklif etsə də, rəsmi Yerevan bu təklifdən imtina etdi. Qarşı tərəfin tələbi 1 milyard avro idi və nəticədə razılaşma baş tutmadı. Bu isə stansiyanın bağlanmamasında Ermənistanın maraqlı olduğunu göstərir. Eyni zamanda Beynəlxalq Atom Enerji Agentliyi (İAFA) də analoji hesabat yayıb və stansiyanı dünyadakı ən təhlükəli stansiyalar sırasına daxil edib. Bu kimi beynəlxalq təzyiqlərin artması müqabilində Ermənistanın cavabı nədir? Rəsmi Yerevan qorxmaq üçün heç bir əsas olmadığını bəyan etməklə kifayətlənir. Məqalədə qeyd edilir ki, istehsal müddətində stansiyada 150-dən artıq qəza yaşanıb. Yaxında istismar müddəti başa çatacaq stansiya tam bir fəlakət ssenarisi kimi qəbul edilir: “Təhlükə kəsb edən buna bənzər stansiya Litvada var idi, lakin hökumət onu bağladı. Türkiyə onunla sərhəd ərazidə olan bu stansiyanın bağlanması üçün əlindən gələni edir və Ermənistan ilə bu mövzunu müzakirə etməyə hazır olduğunu qeyd edir. Sinop və Akkuyuda AES inşa etməyi planlaşdıran Türkiyə Metsamorda olacaq hər hansı qəzanın onların da fəaliyyətinə mane ola biləcəyini bəyan edib”.

“Greenwich” Universitetinin enerji siyasəti professoru Stiv Tomas jurnala verdiyi açıqlamada stansiyanın dərhal bağlanmasının zəruriliyini diqqətə çatdırır.

Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının iclasında da Metsamor AES-in fəaliyyətinə dəfələrlə toxunulub. 2001-ci ildən bəri dəfələrlə assambleyada Ermənistandakı tam köhnəlmiş texnologiyalarla işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik, seysmoaktiv zonada yerləşən Metsamor AES-in fəaliyyətinin dayandırılması barədə məsələ qaldırılıb. Lakin hələ ki, heç bir nəticə yoxdur. Bölgədə zəlzələlərin son dövrlərdə artması fonunda Metsamorda dəhşətli qəzanın baş verməsi ehtimalı, mütəxəssislərin fikrincə, qaçılmazdır. Qəzanın baş verəcəyi təqdirdə isə yalnız Ermənistan özü, Gürcüstan, Azərbaycan, Türkiyə və digər qonşular deyil, bir sıra başqa Avropa ölkələrində milyonlarla insan da bu nüvə faciəsinin qurbanına çevriləcəklər. Bu qorxunc problemlə bağlı ən qısa zaman ərzində hansı qabaqlayıcı qəti və konkret tədbirlər görülə bilər?

Xatırladaq ki, erməni dilində “Oktemberyan-1” adlanan Metsamor AES iki ayrı blok olaraq, bloklardan birincisi 1976, ikincisi isə 1979-cu ildə istifadəyə verilib. AES-in təhlükəli tərəflərindən biri onun hazırda dünyada ən köhnə hesab edilən rus texnologiyası ilə tikilməsidir. Hazırda dünyanın imtina etdiyi bu texnologiyadan Metsamor AES-də istifadə edilir ki, bu da baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir. Metsamorun yaratdığı təhlükələrdən biri də stansiyanın fəaliyyəti üçün lazım olan uranın Rusiyadan Ermənistana hava yolu ilə daşınmasıdır. Ermənistanın Azərbaycan torpaqlarını işğalı etməsi ilə əlaqədar bu dövlətin Rusiya ilə heç bir quru əlaqəsi yoxdur. Gürcüstan-Abxaziya münaqişəsindən sonra rəsmi Tbilisi də sərhədlərini Rusiyanın üzünə bağlayıb. Ermənistanın Rusiya ilə heç bir quru əlaqəsinin qalmaması nəticəsində hazırda AES-in fəaliyyəti üçün lazım olan uran hava yolu ilə daşınır ki, bu da uçan nüvə bombası deməkdir. Uran daşıyan təyyarələrin Cənubi Qafqazın hava yolundan istifadəsini nəzərə alsaq, həmin təyyarələrin havada partlaması nəticəsində, bütün regionda ikinci Xirosima da yaşana bilər. Bu isə Metsamorun təcili olaraq bağlanmasını şərtləndirən ən böyük səbəblərdəndir. Cənubi Qafqaz üzrə gürcü eksperti Mamuka Areşidze isə hesab edir ki, Cənubi Qafqazda Çernobıldan da güclü ekoloji faciə baş verə bilər: “Ermənistanda ötən illərin 80-ci illərində baş vermiş dəhşətli zəlzələləri hamı yaxşı xatırlayır. Bu zəlzələ günlərin birində Metsamoru da dağıda bilər”.

Onun sözlərinə görə, qəzanın fəsadlarından İran və Türkiyə də zərər çəkər: “Torpaq ehtiyatı az olan Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına isə elə zərbə vurular ki, bunu uzun illər bərpa etmək mümkün olmaz. Bəzi atom mütəxəssisləri bu təhlükəni nəzərə alaraq, Metsamorun bağlanmasını təklif edirlər.

Lakin AES artıq Ermənistana deyil, Rusiyaya məxsusdur. Ona görə də, bu ölkənin energetikləri, siyasətçiləri faciə baş verərsə, buna Rusiyanın cavabdeh olduğunu bilməlidirlər. AES-lə əlaqədar Rusiyanın özünün də problemləri var. Cənubi Qafqazda isə indiki halda ən təhlükəli obyekt Metsamor AES-dir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər