20 Noyabr 2014 21:33
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Mərkəzində "Anadangəlmə ürək xəstəliklərində yeniliklər" ("Update in congenital heart diseases") adlı beynəlxalq konfransın rəsmi açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, noyabrın 22-də başa çatacaq tədbir Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilir.

Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli bildirib ki, konfransda 47 ölkədən 100-ə yaxın həkim iştirak edir: "Beynəlxalq konfrans Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşır. Əsas məqsəd Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdır".

Onun sözlərinə görə, bu konfrans uşaq hüquqlarının əsas təməli sayılan "Sağlamlıq hüququ"nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsidir.

Konfransın gənc həkim və alimlərin işinə xüsusi töhfə verəcəyinə əmin olan A.Kərimli deyib ki, dünyada hər 100 uşaqdan biri ürək qüsuru ilə doğulur. Ölkəmizdə uşaqların sağlamlığına xüsusi həssaslıqla yanaşıldığını vurğulayan Mərkəz rəsmisi Heydər Əliyev Fondunun Azərbaycanda ürək qüsuru ilə doğulan uşaqların müalicə olunmasında böyük işlər gördüyünü xatırladıb.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə deyib ki, Azərbaycanda son illərdə səhiyyənin inkişafı istiqamətində xüsusi işlər görülüb, yeni müəssisələr tikilib.

Ölkədə uşaqlara göstərilən xidmətlərin xüsusi proqramlarla tənzimləndiyini deyən nazir müavininin sözlərinə görə, ötən il Milli Məclis tərəfindən “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun qəbul edilib: "Yalnız bu ilin ilk 9 ayı ərzində ölkədəki 2,6 milyon uşağın 2 milyonu icbari dispanserizasiyadan keçib. Dispanserizasiya nəticəsində 5 faiz xəstə uşaq dispanser qeydiyyatına alınıb. Azərbaycanda yaradılan Ürək Cərrahiyyə Mərkəzində son 1,5 il ərzində 1200-ə qədər ürək əməliyyatı keçirilib".

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, Konfransın Təşkilat Komitəsinin sədri Rəşad Mahmudov bildirib ki, hər il 1 milyondan çox uşaq anadangəlmə ürək qüsuru ilə dünyaya gəlir. Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir: "Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran icində olan, tibbin səviyyəsinin aşagı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirirlər".

Azərbaycanın bu sahədə nailiyyətlər əldə etdiyini deyən R.Mahmudov qeyd edib ki, ölkəmizdə hər il 800-1000 nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir. Azərbaycanda ürək əməliyyatlarının aparılması üçün geniş imkanların olduğunu vurğulayan həkim ölkədə 6 çox gözəl cərrahiyyə mərkəzinin qurulduğunu da nəzərə çatdırıb.

Tədbirdə anadangəlmə ürək qüsurları probleminə həsr olunan filmin təqdimatı da keçirilib.


Müəllif: