SSRİ Silahlı Qüvvələrinin və Azərbaycan Mülki Müdafiə sisteminin polkovniki, şəhid Müharib Abbas oğlu Mirzəyev Azərbaycanın peşəkar hərbi kadrlarından olub.
Onun oğlu Tural Mirzəzadə övladları ilə tez-tez atasının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edir, şəhidlərimizin ruhuna dualar oxuyur.
Turalın sözlərinə görə, Müharib atasını lap körpəykən itirib. 1945-ci ildə doğulduğundan adını Müharib qoyublar.
Müharib 27 aprel 1945-ci ildə Səfərəliyev (indiki Samux) rayonunun Seyidlər kəndində anadan olub. 1967-cu ildə Saratov Orta Hərbi-Kimyəvi Məktəbini, 1974-cü ildə Sovet İttifaqı Marşalı S.K. Timoşenko adına Qırmızıbayraqlı Hərbi Kimyəvi Müdafiə Akademiyasını bitirib. SSRİ dövründə Almaniya Demokratik Respublikasında hərbi hissə komandiri, Çexoslovakiyada, Gürcüstanda müxtəlif yüksək hərbi vəzifələrdə qulluq edib. 1980-cı illərdə Naxçıvanda, Qazaxda, Şirvanda hərbi qulluğunu davam etdirib. Müstəqillik dövründə Gəncə regional mülki müdafiə qərargahının rəisi olub.
1995-ci ildə Gəncə ətrafında sovet qoşunları tərəfindən atılmış radiasiyalı tullantıları zərərsizləşdirərkən güclü şüalanmaya məruz qalır və bir neçə gün sonra - 5 may 1995-ci ildə dünyasını dəyişib.
Tural deyir ki, övladlarına hər zaman Azərbaycanın qəhrəman övladları, şəhidlər barədə məlumat verir, onlarda vətənpərvərlik hissləri aşılayır.