Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.
Bu barədə Teleqraf.com-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Sürücülər Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən icazə vərəqələrinin verilməsini tələb edirdilər. Bu səbəbdən Heydər Əliyev prospektində tıxac yaranmışdı.
* * *
Gecə saatlarından etibarən Bakıda 4 yük maşını Heydər Əliyev prospektində yolu bağlayıb.
Teleqraf.com Unikal.org-a istinadla xəbər verir ki, sürücülər yük avtomobillərinin üzərinə nə məqsədlə etiraz etdiklərini də qeyd ediblər.
Belə ki, “R-Group” şirkətinin sürücüləri TIR-lardan birinin üzərinə bu sözləri yazıblar:
"Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!”
Qeyd edək ki, bu səbəbdən səhər saatlarında Heydər Əliyev prospektində böyük tıxac yaranıb.