İnsan Hüquqları üzrə Müvəkkili Aparatında müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Universal Dövri İcmal (UDİ) mexanizmi çərçivəsində Azərbaycan Respublikasının II məruzəsinə dair tövsiyələrin klasterlər üzrə müzakirəsinə həsr edilmiş növbəti dəyirmi masa keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Ombudsman Elmira Süleymanova bu tədbirin Uşaq Hüquqları Konvensiyasının 25-ci və Uşaq Hüquqları Bəyannaməsinin 55-ci ildönümü gününə təsadüf etdiyini vurğulayıb. O, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGGŞ) dəyirmi masada iştirak edən üzvlərini 20 noyabr - Ümumdünya Uşaq Günü münasibətilə təbrik edib.
Müvəkkil Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətini qeyd edərək, bu beynəlxalq sənədin implementasiyası istiqamətində ölkəmizdə mühüm tədbirlərin görüldüyünü söyləyib. O, bu günlərdə Bakıda uğurla keçirilmiş Uşaqların III Ümumrespublika Forumunun böyük önəm kəsb etdiyini, uşaqların öz təkliflərini müvafiq dövlət qurumlarına ünvanladıqlarını diqqətə çatdırıb. Ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Uşaq hüquqları” aylığının uğurla başa çatdığı, bu aylıq çərçivəsində ölkənin bütün şəhər və rayonlarında müxtəlif tədbirlərin təşkil olunduğu, aidiyyəti dövlət qurumlarının irəli sürdüyü təkliflərin təhlil olunduğu, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair mülahizələrə üstünlük verildiyi vurğulanıb.
Ombudsman tədbirin BMT İHŞ-in UDİ mexanizmi ilə bağlı ölkəmizin II hesabatına dair tövsiyələrin gender bərabərliyi və uşaq hüquqları üzrə müzakirəsinə həsr edildiyini diqqətə çatdırıb. Ölkəmizin İHŞ-ə üzv olduqdan sonra öz üzərinə öhdəliklər götürdüyü, insan hüquqlarının müdafiəsi və təmini üzrə görülmüş işlərə dair ilk dövlət hesabatının 2009-cu ildə, ikinci hesabatın 2013-cü ildə bu Şuraya təqdim olunduğu nəzərə çatdırılıb. Bundan əlavə, Ombudsmanın 2011-ci ildə aralıq hesabatı hazırlanaraq, şuraya təqdim edilib. UDİ mexanizminin ölkə üzrə verilmiş 162 tövsiyəsindən 26-sı gender bərabərliyinə, 23-ü isə uşaq hüquqlarına aid olub. Uşaq hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsi, cismani cəzanın qadağan olunması, şikayətetmə mexanizmlərinin təkmilləşdirilməsi və sair təkliflər bu qəbildəndir.
E. Süleymanova ATƏT-in dəstəyi ilə ingilis dilindən Azərbaycan dilinə çevrilib, 16 fəsildən ibarət olan “Ədalət mühakiməsinin həyata keçirilməsində insan hüquqları” adlı min səhifəlik təlim vəsaitinin çap olunduğunu, BMT İnsan hüquqları üzrə Ali Komissarlığının və Beynəlxalq Vəkillər Assosiasiyasının bu vəsaitinin hakimlər, prokurorlar və vəkillərə ünvanlandığını bildirib. Müvəkkil bu universal təlim vəsaitinin hər bir fəslinin ayrılıqda nəşr edilərək, geniş ictimaiyyətə çatdırılmasının məqsədəuyğun olduğunu söyləyib. Kitabda qadın və uşaq hüquqlarının müdafiəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı mövzuların, habelə insan hüquqlarına dair beynəlxalq hüquq normaları, universal və regional nəzarət orqanlarının və milli məhkəmələrin hüquq praktikası haqqında əsas məlumatların təqdim edildiyi bildirilib.
Ombudsman Aparatının şöbə müdiri və Müvəkkilin UDİ üzrə ixtisaslaşmış müşaviri və ölkə Prezidentinin müvafiq Sərəncamı ilə UDİ üzrə yaradılmış İşçi Qrupunun üzvü Zaur Əliyev çıxışında Azərbaycan hökumətinin UDİ üzrə 2-ci hesabatına dair tövsiyələrin icrası vəziyyəti barədə iştirakçılara ətraflı məlumat verib. O, əlavə edib ki, yüksək qiymətləndirilmiş həmin hesabatın hazırlanmasında Ombudsmanın böyük rolu olub. UDİ-nin insan hüquqları sahəsində səmərəli mexanizm olduğu nəzərə alınaraq, Ombudsmanın bu sahəyə xüsusi diqqət yetirdiyi, “A” statuslu müstəqil Milli İnsan Hüquqları Təsisatı qismində Müvəkkilin adı çəkilən tövsiyələrin icrası sahəsində monitorinqlər həyata keçirdiyi, həm dövlətin məruzəsinin hazırlanmasında fəal iştirak etdiyi, həm də öz əlavə məruzəsini təqdim etdiyi bildirilib. Tövsiyələrin vaxtında və səmərəli icrasını təmin etmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK) ilə birgə dövlət qurumları və QHT-lərin iştirakı ilə məsləhətləşmələr, müzakirələr keçirildiyi diqqətə çatdırılıb.
Ölkəmizdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyi, hazırda qanunvericilikdə valideyn öhdəliyinin artırılması ilə bağlı təkliflər hazırlandığı bildirilib.
Tədbirdə iştirak edən BMT İHAK-ın Cənubi Qafqazda ölkələri üzrə nümayəndəsi cənab Vladimir Şkolnikov iki ölkə istisna olmaqla, bütün dövlətlər tərəfindən ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasının mühüm beynəlxalq hüquqi sənəd olduğunu söyləmiş, Ombudsman təsisatının müvafiq Konvensiyanın müddəalarının implementasiyası istiqamətində maarifləndirmə tədbirləri həyata keçirdiyini diqqətə çatdırıb. O, Ombudsman təsisatının BMT İHAK nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Şurasının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən “A” statusu ilə akkreditasiya olunduğunu, bunun isə Azərbaycan Ombudsmanının beynəlxalq arenada böyük nüfuza malik olmasının göstəricisi kimi dəyərləndirildiyini söyləyib.
Tədbirdə Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Baş Prokurorluq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və QHT-lərin nümayəndələri müzakirələrdə iştirak edərək, mövzu ilə bağlı təklif və mülahizələrini söyləyiblər.
Müvəkkil iştirakçıları UDİ üzrə tövsiyələrin icrası sahəsində şəbəkə şəklində birgə fəaliyyət göstərməyə, ayrı-seçkiliyə yol vermədən hamıya bərabər hüquq və imkanlar yaradılması, bütün hüquqların hər bir kəs üçün əlçatan olması istiqamətində səyləri birləşdirməyə çağırıb.
Tədbirdə UDİ üzrə əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Dəyirmi masanın sonunda Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri çıxış edərək, uşaqların ahəngdar inkişafı, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi, inklüziv təhsilin inkişafı, yetkinlik yaşına çatmayan, qanunla münaqişədə olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı təkliflərini səsləndiriblər.
Naibə QURBANOVA