Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən başlayaraq martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində “Qelikon-opera” Teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. Leyla Əliyeva konsertdən əvvəl musiqiçilərlə görüşüb.
Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçirilən konsertdə Ceyla Seyidova, Dinara Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözəlzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim ediblər.
Azərbaycanın Xalq artisti Yusif Eyvazov jurnalistlərə müsahibəsində deyib: “Hər birimizə təbrik düşür. Çünki bu, möhtəşəm musiqi bayramıdır. Biz incəsənət xadimləri üçün burada iştirak etmək şərəflidir. Azərbaycan ilə Rusiya arasında dostluq münasibətləri hər sahədə inkişaf edir. Biz isə bu əlaqələrin daha da inkişaf etdirilməsində yaxından iştirak etməyə hazırıq”.
Xalq artisti Elçin Əzizov möhtəşəm konsertin təşkil olunduğunu bildirərək deyib: “Burada tanınmış, istedadlı insanlar toplaşıb. Azərbaycan ifaçıları klassik rus bəstəkarlarının əsərlərini ifa etməklə ölkəmizin rus mədəniyyətinə, incəsənətinə, musiqisinə olan xoş münasibətini sərgiləmiş olurlar”.
Bu möhtəşəm səhnədə çıxış etməsindən böyük şərəf hissi duyduğunu bildirən Xalq artisti Murad Adıgözəlzadə Moskvada Azərbaycan günlərinin təşkilinin önəmini vurğulayıb.
Konsertdə Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Pyotr Çaykovski, Mixail Qlinka, Aleksandr Borodin və digər bəstəkarların sevilən əsərləri səsləndirilib.