Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində intellektual yarışlara start verilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın ilk günündə “A” qrupunun oyunları baş tutub. “Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda 23 komandanın heyətində 115 nəfər şagird və tələbə mübarizə aparıb.
Səsləndirilən 20 suala ən çox doğru cavab verən 7 komanda - “Scorpions” (BDU Qazax filialı), “Qarabağ” (Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəb), “Team-108” (Qazax şəhər S.Əfəndiyev adına 1 saylı tam orta məktəb), “Sirius” (Ürkməzli kənd S.Nəsirov adına tam orta məktəb), “Mono” (BDU Qazax filialı), “Ulduz” (Qaymaqlı kənd A.Məmmədov adına tam orta məktəb) və “Effort” (müstəqil) - 11 martda təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, sabah “B” qrupunun oyunları keçiriləcək. Layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.