Cəlilabad rayonunda güclü qar səbəbindən elektrik naqillərində yaranan problem aradan qaldırılıb.
Bu barədə Teleqraf.com- a "Azərişıq" ASC-dən məlumat verilib.
Məlumatda deyilir ki, havanın qarlı və şaxtalı keçməsi nəticəsində Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb. Hadisədən dərhal sonra qəza xidməti əraziyə yollanıb və qəzanın nəticələrini aradan qaldırıb.
Hazırda rayonun elektrik enerjisi təchizatı ilə bağlı problem yoxdur.
Xatırladaq ki, ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağması səbəbi ilə Cəlilabadın bir neçə kəndində elektrik enerjisinin təchizatında qısa müddətli fasilə yaranıb.
***
11:40
Ötən gündən başlayaraq Cəlilabad rayonunun ucqar kəndlərinə güclü qar yağır.
Teleqraf.com-un məlumatına görə, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 50 santimetrə qədər çatıb.
Yerli sakinlərin sözlərinə görə, yağan qar rayonun Şatırlı, Kövüzbulaq, Ləkin, Əsədli, Suluçeşmə və Buravar və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla əlaqəsi kəsilib.
Əsədli kəndinə gedən ərazidə 10 min kilovoltluq elektrik dirəyi aşıb. Bir sıra yaşayış məntəqələri işıqsız qalıb.
Hazırda rayonun ucqar dağ kəndlərində küləklə müşaiyət olunan güclü qar yağışı davam edir.