Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov vəfat edib.
Teleqraf.com xəbər verir ki, A.Mütəllibov 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlamışdır. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləmişdir. 1974-cü ildən "Bakelektroməişətmaş" istehsalat birliyinin baş direktoru olub.
1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü olub. 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.
1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.
1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. O, 1992-ci il martın 6-da istefa verib.
O vaxtdan etibarən o, 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.