5 Aprel 2022 16:48
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 27 ildə dünyada 1814 jurnalist və media işçisi müharibə və münaqişə zonalarında xidmət edərkən və ya mütəşəkkil cinayətkarlıq sindikatlarının fəaliyyətini araşdırarkən öldürülüb.

Teleqraf.com xəbər verir ki, məlumat Jurnalistləri Müdafiə Komitəsi (CPJ), Cenevrə Press Emblem Campaign (PEC), Almaniya araşdırma şirkəti “Statista”, Beynəlxalq Mətbuat İnstitutu (IPI), Sərhədsiz Reportyorlar (RSF), Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) və Fələstin Jurnalistlər Birliyinin 1995-2022-ci illəri əhatə edən hesabatlarından toplanıb.

Statistikaya görə, həftədə təxminən 2 müxbir, operator, fotojurnalist və ya köməkçi media işçisi vəzifəsini yerinə yetirərkən öldürüldüyü 2012-2021-ci illərdə 905 jurnalist ölümü qeydə alınıb.

2001-2021-ci illərdə öldürülən jurnalistlərlə bağlı 278 cinayət işindən yalnız 52-nə hökm oxunduğu halda, 226 iş nəticəsiz qalıb. Bu prosesdə 10 işdən 8-də şübhəlilər sərbəst buraxılıb.

Məlumatlara görə, jurnalistlərin 50 faizindən çoxu müharibə, münaqişə, mütəşəkkil cinayətkar dəstələrin və terror təşkilatlarının cəmləşdiyi bölgələrdə öldürülüb.

Cenevrə “Press Emblem Campaign”ın (PEC) fevral ayında verdiyi açıqlamaya görə, dünyada bu ilin ilk aylarında rekord sayda - 12 jurnalist həyatını itirib.

“Statista” tədqiqat firmasının hesabatına görə, 1995-ci ildə 64, 1996-cı ildə 36, 1997-ci ildə 28, 1998-ci ildə 23, 1999-cu ildə 38, 2000-ci ildə 32, 2001-ci ildə 31, 2002-ci ildə 25, 2003-cü ildə 43, 2004-cü ildə 63, 2005-ci ildə 64, 2006-cı ildə 85, 2007-ci ildə 88, 2008-ci ildə 60, 2009-cu ildə 75, 2010-cu ildə 58, 2011-ci ildə 78, 2012-ci ildə 147, 2013-cü ildə 143, 2014-cü ildə 110, 2015-ci ildə 114, 2016-cı ildə 81, 2017-ci ildə 74, 2018-ci ildə 87, 2019-cu ildə 53, 2020-ci ildə 50, 2021-ci ildə 46 jurnalist öldürülüb.

Ukraynada Rusiyanın 24 fevralda başladığı müharibədə indiyədək ölkədə fəaliyyət göstərən xarici əsilli 6 jurnalist müxtəlif hücumlar nəticəsində həlak olub.

Son 30 ildə ən çox jurnalist İraqda öldürülüb.

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) 2020-ci il hesabatına görə, 1990-cı ildən bəri ən çox jurnalistin öldürüldüyü 10 ölkənin siyahısına İraq 339 nəfərlə başçılıq edib. İraqı 175 jurnalistlə Meksika, 159 jurnalistlə Filippin, 138 jurnalistlə Pakistan, 116 jurnalistlə Hindistan, 110 jurnalistlə Rusiya, 106 jurnalistlə Əlcəzair, 96 jurnalistlə Suriya, 93 jurnalistlə Somali və 93 jurnalistlə Əfqanıstan izləyib.

Asiya-Sakit Okean regionunda 681, Latın Amerikasında 571, Yaxın Şərqdə 558, Afrikada 466, Avropa isə 373 jurnalist öldürülüb.

2006-2007-ci illərdə İraq müharibəsində 155 jurnalist həlak olub. 2003-cü ilin martında ABŞ-ın İraqa müdaxiləsi jurnalistlər üçün “ən qanlı” dövr olub. Hər il İraq müharibəsində 65-69 jurnalist həyatını itirir.

2001-ci ildə ABŞ-ın Əfqanıstana girməsi ilə jurnalistlər üçün ölümcül proses başlayıb. 20 illik işğal dövründə ölkədə 72 jurnalist həyatını itirib.

1993-1996-cı illərdə Əlcəzairdə gedən vətəndaş müharibəsində 106 jurnalist həyatını itirib.

2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsinin son 9 ilində 96 jurnalist həlak olub.

Jurnalist qətlləri baxımından “ən təhlükəli” ölkə olan Meksikada 2000-2021-ci illərdə 11-i qadın olmaqla 143 jurnalist öldürülüb.

29 ildə Rusiyada 58 jurnalist qətlə yetirilib. IFJ-nin statistikasına görə, 1992-2021-ci illər ərzində Rusiyada korrupsiya və insan haqları pozuntularını işıqlandıran 58 jurnalist öldürülüb.

Qeyd edək ki, 2021-ci il iyunun 4-də Azərbaycan Televiziyasının teleoperatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) peşə borcunu yerinə yetirmək məqsədi ilə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedərkən ermənilərin yola yerləşdirdiyi minaya düşərək həlak olub.


Müəllif: Yeganə Oqtayqızı