Ermənilər lavaşı özününküləşdirmə cəhdləri
Dünən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin saytında “YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Lavaşın erməniləşdirilməsinin qarşısı alınmışdır” sərlövhəli bir xəbər yerləşdirilmişdi.
Xəbərdə bunlar yer alıb: “Məlum olduğu kimi, Ermənistan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilib.
Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb”.
Lakin saytlarda yer alan məlumata görə, artıq lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına məhz Ermənistan mətbəxinin ayrılmaz bir parçası kimi daxil edilib. Biz isə öz növbəmizdə məsləni araşdırmağa çalışdıq.
Saytların yalan məlumatları?
Məsələ ilə bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın sözlərinə görə, bununla bağlı istimaiyyətə geniş məlumat veriləcək: “YUNESKO-ya ezam olunan nümayəndə heyətimiz ölkəyə qayıdandan sonra məsələ ilə bağlı ətraflı məlumat veriləcəkdi. Lakin bununla bağlı jurnalistlərin suallarını və yayılan yalan xəbərləri nəzərə alaraq nümayəndə heyyətimizlə əlaqə saxlamışıq. Parisdən cavab gələn kimi bunu mətbuata açıqlayacağıq. Sadəcə olaraq orada qəbul edilib ki, lavaş yalnız Ermənistanın ərazisində deyil, bütün regionda məşhurdur. Bizim saytlarda isə bununla bağlı düzgün məlumat yayılmayıb. Yazılıb ki, “только на территории Армении", amma belə olmalıdır: “не только на территории Армении”. Yəni, yalnız Ermənistanda məşhur deyil, bütün Qafqaz regionunda lavaş bişirilir”.
Qarşısı alınan erməni təxribatı
Bu arada qeyd edək ki, Fransadan xəbər gəlib və Mədəniyyət və Turizm Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclasında Ermənistan tərəfindən YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfi buna etiraz edib. Bununla da YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib: “Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb. Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edib. Yəni Komitədə aparılmış müzakirələrin nəticəsində ifadə olunub ki, Ermənistanın bu cəhdi qəbuledilməzdir və onun ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının erməni millətinə məxsus olması anlamına gəlmir”.
Nazirlikdən bildiriblər ki, Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək ermənilərin lavaşın eksklüziv erməni çörəyi olması iddiasını qətiyyətlə qınayıblar və belə halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd ediblər: “Azərbaycan nümayəndə heyəti Komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə ErmənistanınYUNESKO-nun məqsəd və prinsiplərini öz işğalçı siyasəti üçün alət etməsini tənqid edib və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulayıb. Komitədə lavaşın erməni millətinə mənsub olması əvəzinə Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi bir daha Ermənistan ərazisində azərbaycanlıların yaşadıqlarını, ermənilərin də bu ənənələri onlardan öyrəndiyini təsdiq etmiş oldu”.
Mədəniyyət və Turizm Nazirliyindən əlavə ediblər ki, Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin.
“Bu, bizə çox böyük ziyan vurur”
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov bildirdi ki, məsələ ilə bağlı geniş məlumat veriləcək.
T.Əmiraslanov bir neçə gün qabaq açıqlamasında ermənilərin son illər lavaşı özününküləşdirməyə çalışdığını bildirmişdi: “Bəzi məqamları qeyd etmək istəyirəm. Biz közdə bişən aşa közləmə, küldə bişən aşa külləmə aş deyirik. Alova dəyərək bişən yeməyimiz isə lavaşdır. Alov aş. Bəzi türkoloqların fikrincə isə L hərfi ilə başlayan sözlər milli deyil. Lavaş kimi. Ancaq mütəxəssislərimiz təkcə elmə yox, həm xalqın həyat tərzinə, məişətinə nəzər salmağı öyrənməldirlər. Dil xalqla birbaşa bağlıdır. Dildə hərf düşmələri çox olur. Məsələn, həmişə stəkan sözünə istəkan deyilib, alov aş sözü isə zamanla dəyişib lavaş olub. Doğmaları aşmaq lazımdır. Biz ermənilərin yazdığı araşdırmalardan istifadə etməkdənsə özümüz ona şübhə edirik. Ağsuda XVIII əsrə aid maqqaş tapılıb. Bu, şəkərburanı bəzəmək üçün istifadə edilən bəzək alətidir. Deməli, hələ XVIII əsrdən şəkərburamız olub. Mən araşdırdım və məlum oldu ki, hətta Şah İsmayılın aşpazının kitabında 1521-ci ildə “şəkərburanı maqqaşla bəzə” sözü yazılıb. Deməli, bu alətin, şirniyyatın uzun bir tarixçəsi var. Nizami Gəncəvi də öz əsərlərində şəkər parənin adını çəkib. Bu sübutlar hər yerdə deyilməlidir. Bizim tariximiz, faktlarımız çoxdur. Jurnalistlərimiz, bloggerlərimiz erməni söyüş söyəndə ona söyüşlə cavab verməyə çalışırlar. Amma bu zəiflikdir. Bu, bizim yerli kulinariya, mətbəx verilişləri mətbəximizə çox böyük ziyan vurur”.
Primitiv düşüncə tərzi
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Tahir Şahbazov bildirdi ki, ermənilərin lavaşı öz yeməkləri kimi YUNESKO-ya təqdim etməsi, onun erməni mətbəxinə məxsus olması anlamına gəlmir: “Ermənilər bunu edərkən sözün lüğət tərkibinə istinad edir və guya bunun erməni söz birləşmələrindən əmələ gəldiyini deyirlər. Halbuki belə yanaşma elmi deyil, primitiv düşüncə tərzidir. Müxtəlif söz birləşmələri müxtəliv dillərdə işlənir və tamamilə fərqli mənalar verir. Ermənilərdə "lav" sözünün olması lavaşın onlara aid olmasına dəlalət etmir. Məsələyə belə yanaşsaq, deyə bilərik ki, erməni leksikonunun 50 faidən çoxu türk sözlərindən ibarətdir. Lavaş, yuxa, fətir kimi çörək növləri həm forma, həm də hazırlanma texnologiyasına görə oxşar olub. Biz azərbaycanlılarda lap qədim dövrlərdən bunlardan istifadə edirik”.
Hər bir məsələdə gecikirik
Ekspert onu qeyd etdi ki, qədim zamanlardan bəri yuxanın bizim mətbəxə aid olmasına dair faktlar var: “VII-IX əsrlərin yadigarı olan Kitabi Dədə Qorqud dastanında biz yuxanın adına rast gəlirik. Bundan başqa, Mahmud Kaşğarinin "Divani Lüğəti-Türk", Yusif Balasaqunlunun "Kutatqu bilik" əsərlərində, həmçinin Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin əsərlərində də lavaş, yuxa adlarını görmək mümkündür. Ermənilərin xarakteri elədir ki, onlar ayrı-ayrı xalqlardan nəyisə əxz edib sonra onu öz adına çıxarırlar. Bu sahədə onlar ustadırlar. Yəni oğurluq onların milli xarakterinin əsas cəhətidir”.
Onun sözlərinə görə, belə problemlərin yaranmasına səbəb bizim hər zaman bu işlərdə gecikməyimizdir: “Hər zaman gecikirik kimsə qaçır biz də onun arxası ilə qaçırıq. Biz onları qabaqlamağa cəhd etməmişik. əvvəlcə ermənilər edir, sonar biz onlara cavab veririk. Amma biz qabaqlayıcı nəsə etmirik. Lazımdır ki, biz də onlar kimi gözlənilməz nəsə edək. Məsələn kəlağayı məsələsində də geciksəydik, eşidəcəkdik ki, o da ermənilərin xətti ilə YUNESKO-ya daxil edilib”.
Qeyd edək ki, qardaş Türkiyə mətbuatı isə bu xəbəri “Türkiyə və Azərbaycana şok” başlığı ilə təqdim edib. Türkiyənin mədəniyyət və turizm naziri Ömer Çelikin ötən günlərdə Azərbaycanla birgə bir sıra layihələrə imza atmaqla bağlı fikirləri də xatırladılıb. Bildirilib ki, lavaş başda olmaqla bir sıra qeyri-maddi mədəni irs nümunələri YUNESKO-ya ortaq sənədlər şəklində təqdim ediləcəkdi.
İLHAMƏ