Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün G20 Dinlərarası Forumun regional hazırlıq iclasında iştirak etmək məqsədilə Azərbaycana səfər edən Sonuncu Gün Müqəddəslərinin İsa Məsihi Kilsəsinin ümumi səlahiyyətlisi Erix Kopişke və “Stirling” Fondunun baş icraçı direktoru Edvard B. Rou ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, komitə sədri qonaqlara ölkəmizdəki dövlət-din münasibətləri, dinlərarası harmoniya haqqında məlumat verərək Prezident İlham Əliyevin dini sahəyə daim diqqət və qayğı göstərdiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərq qoyulmadığını, bu münasibət sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu bildirib.
Vurğulayıb ki, ölkə ərazisində 37 qeyri-islam təmayüllü dini icma dövlət qeydiyyatından keçirilib, dövlət başçısının müvafiq Sərəncamı ilə ayrılmış vəsait hesabına Azərbaycanda fəaliyyət göstərən bir çox dini icmanın maddi-texniki bazası gücləndirilib.
Söhbət zamanı 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizə diqqət çəkən DQİDK sədri qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ermənistan tərəfindən vandalizmə məruz qalmış məscid və məbədlərin, eləcə də saxtalaşdırma və mənimsəməyə məruz qalmış qədim alban xristian irsinin bərpa və konservasiyası istiqamətində işlər görür.
Görüşə və təqdim olunan ətraflı məlumata görə minnətdarlığını ifadə edən Erix Kopişke Azərbaycanda yüksək tolerantlığın, bütün dinlərin nümayəndələrinin dostluq münasibətləri içərisində əmin-amanlıq şəraitində yaşadığının canlı şahidi olduğunu qeyd edib.
Tərəflər, həmçinin birgə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.