24 May 2022 21:51
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyatçı Ceyhun Məmmədov cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, son zamanlar dəfn adətlərində bir məsələ - bir qəbirdə iki ölünün torpağa tapşırılması müzakirə edilir. Maraqlıdır, dinimiz bu barədə nə deyir? Eyni qəbirdə iki cəsədin dəfni caiz sayılırmı?

- Dəfn məsələlərinə dinimizin yanaşmasını təhlil edəndə bir neçə mühüm məqamı nəzərə almaq lazımdır. Qəbirlərlə bağlı düzgün olmayan bəzi problemlər qeyd etməliyik.

İki nəfərin bir qəbirdə dəfni dini baxımdan düzgün deyil. Bəli, bu gün Bakıda qəbir yerləri ilə bağlı çətinliklər və problemlər var. Amma yer azlığı meyitlərin üst-üstə dəfn olunmasına əsas vermir. Bu cür halları zaman-zaman müşahidə edirik. Hesab edirəm ki, dəfnin bu formada həyata keçirilməsi düzgün deyil.

İkincisi, dinimizdə qəbirlərin çox hündür olması da xoş qarşılanmır. Bu və digər məsləyə diqqət yetirilsə, yaxşı olar.

- Dəfnin şərtləri bölgələrə, məzhəblərə, yaxud mərhumun vəsiyyətinə görə dəyişə bilərmi?

- Dəfnin “mütləq bu formada olmalıdır” deyə, xüsusi bir qaydası yoxdur. Əsas odur ki, dəfn şəriət qaydalarından kənara çıxmadan həyata keçirilsin. Tövsiyə oluna bilər, amma bunun nə dərəcədə düzgün olması məsələnin başqa tərəfidir.

Dinin yanaşması ondan ibarətdir ki, insanlar dini şərtlərə, qaydalara əməl etsinlər. Ola bilər, kimsə öz yaxınını, atasını, anasını, övladını çox istəsin və vəsiyyət etsin ki, onu eyni məzarda dəfn etsinlər. Amma burada dinin tələb və şərtləri nəzərə alınmalıdır.

- Yəni İslam dinində insanların bir qəbirdə dəfni birmənalı olaraq yolverilməzdir?

- Bəli, bu, düzgün hesab olunmur və məqsədəuyğun sayılmır. Azərbaycanda bəzən bunu edirlər və ya bir sıra hallarda etmək istəyənlər olur. Amma bu, İslam dini tərəfindən bəyənilmir və qəbul edilmir.

- Yer azığı və məqamlar da şərtləri dəyişmir?..

- Dinimizin yanaşmasına görə, insan vəfat edəndən sonra nə baş verirsə, hamısını hiss edir. Hətta qəbiristanlığa gedəndə qəbrin üstünə çıxan olursa, bu da düz deyil, din qəbrin üstə çıxmamağı tövsiyə edir.

Bu baxımdan qəbir qazanda istər-istəməz hər hansı meyitin sümüklərinə, bədən üzvlərinə toxunursuz. Doğrudur, orada bədən çürüyür, sümüklər qalır, amma istər-istəməz qəbirdəkinə müəyyən təsiri olur. Bu baxımdan dinimiz qəbrin açılmasını da bəzi zərurətlərdən başqa məqsəduyğun hesab etmir.

- Deyilənə görə, İslam qaydaları qadının kişidən bir qədər dərində dəfn olunmasını tövsiyə edir...

- Bu fikrin də heç bir dini əsası yoxdur. Ola bilər, kimlərsə bunu desin və ya belə təqdim etsin, dini baxımdan bu, çox əsassız iddiadır.

- Belə bir fizioloji əsaslandırma aparılır ki, doğuş qabiliyyəti olan qadında çürümə prosesi daha gec gedir. Daha dərinə basdırılma da bununla bağlıdır.

- Bu fikrin də dini əsası yoxdur. Qadın-kişi, fərq eləmir, dəfn eyni qaydada həyata keçirilməlidir. Bildiyim qədəri ilə Azərbaycanda hər yerdə bu qaydalara əməl edilir. Yəni, dəfn həyata keçirilərkən təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır. O mənada ki, sürüşmə, sel fəlakəti kimi amillərin qəbirə xələlə gətirməməsi üçün məzar standart qaydada qazılır. Məzarlar eyni zamanda gələcəkdə qəbiristanlığa təhlükə yaratmamlıdır.

- Ceyhun müəllim, siz özünüz bir məzarda iki nəfərin dəfn edilməsinə şahid olmusunuzmu?

- Qayınatam dünyasını dəyişəndə belə bir məqam yarandı. Artıq dünyasını dəyişniçlər ailə qəbiristanlığında dəfn olunmuşdu, qayınatamı isə həmin yerdə dəfn etmək üçün yer yox idi. Mənə təklif etdilər ki, mərhumun qardaşlarından və ya digər yaxınlarından birinin qəbrini açıb onu da orada basdırsınlar. Mən bu təkliflə razılaşmadım, nəticədə dəfni başqa bir yerdə həyata keçirdik.

Qohumların belə fikri var idi ki, hamı bir yerdədir, məzarları yan-yana olsun. Mən hesab etdim ki, kiminsə qəbrini qazmaqla oradakıların ruhunu narahatlıq vermiş olarıq. Ona görə bunu qəbul etmədim.

Ola bilər, kimsə fərqli düşünsün, etiraz etsin, amma biz çalışmalıyıq ki, ümumi qaydalara riayət edək.


Müəllif: Yeganə Oqtayqızı