İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ilə yaxın vaxt ötsə də, tez-tez qazilərin intihar xəbərlərini alırıq. Bu məsələ dəfələrlə müzakirə olunub, amma intiharların səngiməməsi problemin həll yolunun tapılmadığını göstərir.
Teleqraf.com qazi intiharlarının səbəbləri ilə bağlı fikir və rəyləri təqdim edir.
“İcra hakimiyyətləri öhdəliyi yerinə yetirmir”
Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu hesab edir ki, intihar səbəblərindən biri qazilərin cəmiyyətə inteqrasiya problemidir. Müəyyən tapşırıqlar verilsə də, aidiyyəti qurumlar problemə etinasız yanaşır:
“Bütün müharibələrdən sonra döyüşdə iştirak etmiş şəxslərin intihar problemi gündəmə gəlir. Onların cəmiyyətə inteqrasiyası təmin olunmalıdır. Prezident müharibədən dərhal sonra bütün rayon və şəhərlər icra hakimiyyətlərində qazilərlə iş şöbəsinin yaradılması əmrini verdi. Təəssüflər olsun ki, o şöbələrin bir çoxu qazilərlə əlaqəli şəkildə işləmir. Adı var, özü yox... Əksinə, icra hakimiyyətindəkilər yaxın adamlarını oraya təyin ediblər.
Prezidentin düşünüb, problemin qarşısını almaq üçün gördüyü tədbirlərə rayon icra hakimiyyətləri əməl etmir”.
“Qazi intiharları artacaq”
Rey Kərimoğlunun fikrincə, qazi intiharlarının artmasının digər səbəbi onların döyüş yoldaşları ilə ünsiyyətdə olmamasıdır: “Qazilər döyüş yoldaşları ilə ünsiyyətdə olmalıdırlar ki, psixoloji baryeri keçə bilsinlər. Mən Birinci Qarabağ müharibəsindən sonra bunu yaşamışam, “Qarabağ Əlilləri" İctimai Birliyində birləşərək çox az itki ilə problemin öhdəsindən gələ bildik.
İndi vəziyyətə baxanda düşünürəm ki, intiharların sayı çoxalacaq. Həkim, psixoloji yardım ikinci-üçüncü dərəcəli məsələlərdir. Onlar üçün ən ciddi psixoloji dəstək qazi yoldaşları ilə ünsiyyətdə olmalarıdır.
Ötən gün yenə bir əyalətdə intihar baş verdi. Qayğılar, problemlər onları buna sürükləyir. Baxmayaraq ki, müharibə 44 gün olub, onlar üçün bu, 40 ilə bərabərdir. Dost olduqları insanları itiriblər. Dövlətin müxtəlif strukturlarına qazilərin vahid təşkilatda birləşməsini təklif etsək də, reaksiya görmədik. Bu məsələni Prezident Administrasiyasına, müxtəlif dövlət orqanlarına çatdırmışıq. Qalanları 3-cü, 4-cü dərəcəli məsələlərdir. İlk öncə diqqət və qayğı, daimi ünsiyyət olmalıdır.
Prezidentin dəstəyi ilə "Yaşat" fondundan sonra ən böyük addım icra hakimiyyətlərində şəhid ailələri və yaralılarla iş şöbəsinin yaradılması oldu. Təəssüf ki, bu qurumlar əksər rayonlarda işləmir...”
“Vətən uğrunda döyüşən oğlan bir tikə çörəyə görə intihar etməz”
Problemin həllində ünsiyyətin vacibliyini qeyd edən ekspertin sözlərinə görə, qazilərin birləşdiyi təşkilatlar arasında intihar halları qeydə alınmayıb. Rey Kərimoğlu buna baxmayaraq həmin təşkilatlara diqqət ayrılmamasına da irad bildirib:
“Qazilərin bir hissəsi bu təşkilatlarda birləşiblər və onlar arasında intihar halları olmayıb. Doğrudur, başqa problemləri, gərginlikləri var. Xüsusilə sənədlərdə, əlillik dərəcələrinin alınmasında, sığorta kimi məsələlərdə problemlər az deyil, amma bu onları intihara aparmır. Qaziləri intihara aparan onların tənhalığıdır.
Məsələn, Füzuli rayonununda qazilər birliyi var, icra başçısı heç ora yaxın durmur. Şirvan şəhərində "reket" QHT-lərə dəstək olunur, amma bu işlə məşğul olan qazilər birliyinə yaxın durmurlar, problemlər yaradırlar. Təkcə Bakıda yox, bütün rayonlarda qazi parkları yaradılmalıdır.
Sovet dövründə İkinci Dünya müharibəsindən sonra belə yerlər var idi. Onlar yenidən bərpa olunmalıdır. Qazilər parkları salınmalıdır. Vətən uğrunda döyüşən oğlan bir tikə çörəyə görə intihar etməz”.
“Sosial işçi xidməti yaradılsın”
Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, problemin həlli üçün sosial işçi qrupları yaradılmalıdır:
“Hər dəfə qazilərin intiharı ilə bağlı eşidəndə ürəyim ağrıyır. Artıq 5 ildir fasiləsiz olaraq bu cəmiyyətə deyirəm ki, hər məhlədə polis müvəkkili olduğu kimi, eyni qaydada 2-3 nəfərdən ibarət sosial iş xidməti qrupları olmalıdır.
Təcrübəli bir sosioloq olaraq bunu deyirəm, amma aidiyyəti qurumlar eşitmir. Cəmiyyət bu qədər mürəkkəbləşib, həssaslaşıbsa, mütləq şəkildə məhəllələr üzrə sosial iş xidməti yaradılmalıdır. Bu olduqda polis necə inzibati yollarla işini görürsə, sosial işçi də öz sahəsinə baxmalıdır.
Boşanmaların sayı, ailə zəminində qətllər kimi qazilərin intiharları da artmaqdadır. Sosial işçi xidməti olarsa, bu adamların qayğılarını, problemlərini vaxtında öyrənsələr, bu zaman dövlət qurumları, inzibati orqanlar məsələyə cəlb olunacaq.
Bəzən eşidirik ki, kimsə deyir qazilər özlərini ərköyün aparırlar. Bu, küçə söhbəti deyil. Gərək həmin sosial iş xidməti olsun ki, bu məsələlər onlar tərəfindən təhlil olunsun, mərkəzləşmiş qaydada, operativ müdaxilələr edilsin. Bəlkə elə bir qazi var ki, sosial işçi onunla söhbət etsə, vaxtında müdaxilə nəticəsində ölüm həddinə çatmaz. Bu iş getmirsə, bizim nəyəsə cəhd etməyimiz boşunadır. Başqa çıxış yolu yoxdur”.
“Müharibədən sonra qazilərdə post-travmatik stress dövrü başlayır”
Mövzuya münasibət bildirən sosial psixoloq Aytac Zeynalova hesab edir ki, intiharların qarşısını almaq üçün müharibədən sonra qazilərə psixoloji yardım göstərilməlidir: “Vətən müharibəsi dövründə və müharibə bitdikdən sonra qazilər cəmiyyətə adaptasiya olma prosesində idilər. Ayağını, gözünü itirən, müəyyən bədən xəsarətləri alan qazilər var. Eyni zamanda birlikdə hərbi xidmət göstərdikləri yoldaşları onların gözü qabağında şəhid olub. Bu, onlar üçün böyük itki, böyük travmadır.
Qazilərdə müharibədən sonra post-travmatik stressin yarandığı dövr başlayır. Onlara mütləq psixoloji yardım göstərilməlidir. Hər bir müharibədən çıxmış qazi istər psixoloji, istər fiziki cəhətdən travma görüb. Ola bilər, ailə üzvləri psixoloqa müraciət etsələr də, qazilər bu seansları qəbul etmirlər. Amma bir müddət sonra başa düşürlər ki, psixoloji dəstəyə ehtiyac var. Artıq yavaş-yavaş müharibənin təsiri onlardan getdikcə problemləri ortaya çıxır.
Məsələn, depressiya, intihara meyillilik. Biz hər bir qaziyə onun şəxsiyyətinə, xarakterinə görə yanaşmalıyıq. Qazi dərk etdikdə də ki, artıq ayağı yoxdur, bunu qəbul etməsi çətin olacaq və psixoloji müdaxiləyə ehtiyac yaranacaq”.
“Qazinin ailəsi də seanslarda iştirak etməlidir”
Psixoloqun fikrincə, qazilərin konsultasiyası zamanı ailələri kənarda saxlamaq doğru deyil: “Psixoloq qazi ilə yanaşı, onun həyat yoldaşı, anası, atası, övladları ilə seanslar təşkil etməlidir. Ailəyə kompleks müdaxilə edilməlidir. Təkcə qaziyə yönəlmək doğru təşəbbüs olmaz. Ola bilər, qazi təkcə özü müraciət etsin, amma ailəvi seans aparılmalıdır ki, hər bir ailə üzvünün problemləri üzərindən işlənilsin.
Bundan başqa, müharibədən çıxmış qazinin ola bilər ki, başqa problemləri var. Amma istər mütəxəssislər, istər ailəsi sırf psixoloji tərəfə yönəlməlidir”.