Yolçu Xanvəli: “Baytar həkimlər özləri bu işdə maraqlı olacaqlar”
Azərbaycanda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə icazə veriləcək. Bu, Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilmiş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanuna görə, baytarlıq xidmətləri orqanları özəlləşdirilməsi qadağan olunan dövlət mülkiyyətində saxlanılan dövlət əmlaklarıdır.
Yeni layihədə isə baytarlıq xidməti orqanları özəlləşdirilməsi qadağan olunan dövlət əmlaklarının siyahısından çıxarılıb.
“Sahə baytarlıq məntəqələri özəlləşdiriləcək”
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin bildirdiyinə görə, sözügedən qanuna dəyişiklik edilməsi “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2014-cü il 16 aprel tarixli fərmanının müvafiq bəndinin icarısını təmin etmək zərurətindən irəli gəlib: “Fərmanda qeyd edilir ki, ”Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı təkliflər hazırlansın. Odur ki, həmin fərmana müvafiq olaraq “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir. Qanun layihəsinin müzakirəsi parlamentin növbəti iclasının gündəliyinə daxil edilib. Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət olunub. Baytarlıq üzrə qanun aktlarının hazırlanması sektorunun müdiri Ramin Salmanov bu layihə üzərində işləyib və müvafiq təkliflər parlamentə təqdim olunub. Müzakirələr zamanı məlum olacaq ki, hansı əlavə və dəyişikliklər ediləcək. Məndə olan məlumata görə, hər bir rayonda olan baytarlıq idarələrinin sahə baytarlıq məntəqələrinin özəlləşdirilməsi nəzərdə tutulub".
Y.Xanvəli qeyd etdi ki, baytarlıq xidmətinin özəlləşdirilməsini prioritet kimi 4-5 il öncə Beynəlxalq Epizodik Büronun ekspertləri də irəli sürüblər: “Əslində, bizim qurum nəzarət funksiyasını həyata keçirən orqandır. Amma həm nəzarəti, həm də icra işlərini həyata keçiririk. Baytarlıq Xidmətinin iki funksiyanı həyata keçirməsi sovet dövründən qalma bir ənənə idi. Bütün işləri dövlət maliyyələşdirirdi və bu da bir növ baytarlar üçün passiv fəaliyyətə zəmin yaradırdı”.
“Özəl xidmət həkimlərə stimul verəcək”
DBNX rəsmisi bildirdi ki, Sahə baytarlıq məntəqələri özəlləşdirilərsə, onlara nəzarəti dövlət qurumları həyata keçirəcək.
Bəs özəl icra qurumlarına maliyyə dəstəyi olacaqmı? Səlahiyyətin DBNX-a, məsuliyyətin isə özəl sahə baytarlıq məntəqələrinə verilməsi onların fəaliyyətində bürokratik əngəllər yaratmayacaq ki? Bu qurumların şəffaf və müstəqil fəaliyyətinə necə şərait yaradılacaq?
Y.Xanvəli dedi ki, əksər ölkələrdə baytarlıq sahəsində nəzarətedici qurumla, icraedici qurum ayrı-ayrılıqda fəaliyyət göstərir və bu qurumların hər birinin səlahiyyət və məsuliyyət funksiyası var: “İlkin mərhələdə çox güman ki, sahə baytarlıq məntəqələrinə dəstək göstəriləcək. Bu isə baytar həkimlərin fəaliyyətinə stimul verəcək. Bu qurumlar özəl müəssisə olaraq fəaliyyət göstərsələr, baytar həkimlər özləri bu işdə maraqlı olacaqlar”.
Sevil