25 May 2022 18:00
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir neçə gün öncə metroda qazimizin gediş haqqına görə metro işçisini təhqir etməsi mənə çox pis təsir etdi. Əgər qazilərin metrodan pulsuz istifadəsinə dair qərar verilsə, onlara kim nə deyə bilər? Amma metro işçisi müvafiq imtiyazı olmayan şəxsi gediş haqqı ödəmədən metrodan istifadə etməsinə icazə verə bilməz. İstər qazi olsun, istər şəhid ailəsi, qanunları, qaydaları pozmaq olmaz".

Bunu Teleqraf.com-a açıqlamasında müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib.

O qeyd edib ki, bir müddət öncə torpaq məsələsi ilə bağlı gündəmə gələn şəhid anası kimlərinsə əlində alətə çevrilib:

“Xaricdə yaşayan bloggerlər belə video yayıblar ki, guya həmin şəhid anası öldürülüb. Əslində bu gün səhər həmin qadın - Mehriban ana mənə zəng etmişdi ki, sağ-salamatdır, onun adından istifadə edirlər. Mən jurnalistlərdən çox xahiş edirəm ki, belə hallar olanda onu ictimailəşdirməsinlər. Həm dövlətimizin adına ayıbdır, həm də şəhidimizin ruhunu incidirik.

Bu gün hər şəhid ailəsinin, hər qazinin dediyi “Quran” ayəsi ola bilməz. Bəzən görürsən ki, qazi növbədə gözləmək istəmir. Zorən üstünlük əldə etmək istəyir. Belə insanlara rast gələndə mən özlərinə də deyirəm ki, sizin qazi olduğunuza inanmıram.

Deyirəm ki, birincisi, ver sənədinə baxım. Sənədi açıb baxıram ki, hansısa veteran təşkilatı ona vəsiqə verib. İkincisi isə sən qazisənsə, növbə mədəniyyətinə əməl etməlisən. Sən torpaq üçün vuruşmusan deyə, tibb bacısını təhqir edə bilmərsən.

Mən QHT-lərimizdən də xahiş edirəm ki, hər adama diplom, sertifikat, vəsiqə verməsinlər. Şəhid ailələsi, qazi statusundan bu dərəcədə istifadə etmək olmaz. Hələ məni ən utandıran məsələ bilirsinizmi nədir? Şəhid anaları şadlıq saraylarında şəhidimizin maketini qoyub toy edirlər və pul yığırlar, mən bunu heç cür qəbul edə bilmirəm. O şəhidlər artıq bu Vətənin, mənim, sənin övladına çevrilib. Bu o demək deyil ki, qan qohumları şəhidlərin adına ləkə, başıaşağılıq gətirə bilərlər.

O restoran sahiblərinə də müraciət edirəm ki, 5-3 manata görə belə oyunlara getməsinlər. Dünyanın harasında görünüb ki, Vətən uğrunda şəhid olanın maketini qoyub toy çaldırasan?! Bəzən mənə deyirlər ki, bu onların arzusu olub. Mən onlara təklif edərdim ki, arzusu olubsa, o qədər imkansız ailələr, gənclər, yaxud şəhid övladlar var. Onların toyunu edin. Əziz analar, əziz şəhid ailələri siz onların ruhlarını incidirsiz, bunun fərqində deyilsiniz”.

Mətanət Əsgərqızı digər bir məqama da toxunub:

“Şəhidin anası, yaxud atası var ki, oğlunu körpə vaxtında uşaq evinə atıb. Hərəsi öz həyatını yaşayıb. Özləri bilərlər, öz həyatlarıdır. İndi isə həmin şəhidin ana-atası pul davası edirlər. Mən hər zaman şəhid ailələrinin və qazilərin yanında olmuş adamam, amma yenə deyirəm "qırmızı xətt" var, onu keçmək olmaz. Öz şəhidinə hörmət etməyən adama heç kim hörmət etməz”.

Mətanət Əsgərqızı bildirib ki, əsrlər boyu bizə ötürülən dəyərləri tapdalamaq olmaz:

“Milli Qəhrəman Tahir Həsənovun anası Qalibə Budaqova QHT rəhbəridir – Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədridir. Heç eşitmisiniz ki, Qalibə ana gedib qapılar döyüb torpaq, ev davası etsin?! Halbuki bu qadın yeganə oğlunu torpaq uğrunda qurban verib. O qadını bir yerdə görmədik, onun övladının adı 23 nömrəli məktəbə veriləndə ulu öndər Heydər Əliyev də gəlmişdi. Qalibə xanımı məktəbə direktor təyin etdilər. Yəni, belə nümunələri ortaya gətirmək lazımdır. Biz şəhidlərimizi urvatsız edə bilmərik. Əgər hansısa şəhid ailəsi şəhidini urvatsız edirsə, biz o adamın yanında olmamalıyıq. Biz şəhidlərimizi alver predmetinə çevirə bilmərik. Bizim şəhidlərimiz çox böyük amalda olublar. Əgər şəhid ailələrinin çox böyük problemi varsa, o problemin üstünə gedək.

Amma elə şeylər var ki, onları, doğrudan da, danışmaq, dilə gətirmək olmaz. Mən belə düşünürəm. Mənə elə gəlir ki, cəmiyyət artıq bu məsələlərə obyektiv yanaşmalıdır. “Bu şəhid ailəsidir, bu qazidir, nə istəyirsə edə bilər” söhbətinə son qoyulmalıdır”.

Mətanət Əsgərqızı daha sonra deyib:

“Bir ara qazilər var idi, nömrəsiz maşınlarla gəzirdilər. Qanunları, yol hərəkəti qaydalarını pozurdular. Niyə elə etməlidirlər? Döyüşüb, yaxşı edib. Çox sağ olsun. Onun qarşısında baş əyirəm. Amma bu şeyləri etməmək lazımdır. O zaman biz gələcək nəsillərə pis nümunələr qoymuş oluruq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər