8 İyun 2022 09:05
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Kitabxana” rubrikasında həmsöhbətimiz filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiqdir.

Onunla müsahibəni təqdim edirik.

- Şəmil müəllim, sonuncu dəfə hansı kitabı oxumusunuz?

- Ümumiyyətlə, istər kitab, istərsə də müəllif adlarını unuduram. Daha çox kitabın məzmun, ideyasına fikir verdiyim üçün adlar yadımdan çıxır. Sonuncu dəfə Stiv Cobs haqqında oxumuşam.

- Belə başa düşdüm ki, memuarlar oxumağı sevirsiniz...

- Kitab oxumağın bir yaşı var. Nə qədər desək də ki, kitab hər zaman hamıya lazım olur, amma dövrə görə bu təlabat dəyişir. Müəyyən yaşdan sonra memuarlara maraq artır, informasiya yükü olan kitablara doğru meyil yaranır. Son vaxtlar kitab oxuya bilmirəm. İş, qayğılar imkan vermir.

- Kitabxananızda ən sevdiyiniz guşə hansıdır?

- Kitabxanam bir neçə hissəyə bölünüb. İşimlə, doktorluq fəaliyyətimlə bağlı guşə var, türkçülük mövzusuna aid tarixi, araşdırma kitablarım ayrıdır, İsa Muğanna və Hüseyn Cavidə guşə yaratmışam. Hüseyn Cavid dissertasiya mövzum olmaqla yanaşı, həyat yaradıcılığıma yön verən şairdir. Elmi araşdırmalarımın da əsas hissəsi İsa Muğannadır. Dini və fəlsəfi mövzuları oxumağa da çox meyl etdiyim üçün kitabxanamda ayrı guşə yaratmışam.

Burada ateizm, deizm, islam haqqında kitablarım var. Məsələn, türkiyəli yazar Arif Tekinin demək olar ki, silsilə əsərlərinin bütün seriayalarını almışam. Çox maraqlı və obyektiv əsərlərdir.

Evdəkilər kitabxananın bir guşəsini də mənim öz kitablarıma ayırıblar, təbii ki, vitrin olaraq durur. Mənə doğma olan isə İsa Muğanna və türkçülüklə bağlı olan əsərlərdir.

- Kitabxananızda hansı dini kitablar yer alır?

- Kitabxanada demək olar bütün dini kitablar var. Məsələn, Quranla Bibliyanı, Tövratı yan-yana qoymuşam. Ateizm, deizm, fəlsəfi yanaşılan əsərləri dini kitablar siyahısına salmamışam. Kitabxanamda Quranın təfsiri var. Bu mövzuda loyal olduğum üçün hamısı bir-biri ilə əlaqəli olduğuna görə dini kitabları toplayıram.

- Hansı dillərdə kitablar oxuyursunuz?

- Daha çox türk və Azərbaycan dillərində oxuyuram. Amma araşdırma ərəfəsində istənilən halda rus və ingilis dillərinə müraciət etməli oluram. Rus və türk dilində elmi araşdırmalar oxumağa çətinlik çəkirəm. Tərcümə proqramlarından istifadə edərək, yararlanmağa çalışıram.

- Onlayn kitablara üstünlük verirsiniz?

- Yox. Maraqlıyam, həvəsliyəm. Amma mənim üçün axşam yatmazdan əvvəl əlimə kitab alıb oxumaq önəmlidir. Təəssüf ki, son vaxtlar bunu da edə bilmirəm. Bir neçə dəfə PDF kitablar oxumağa, səsli kitablar dinləməyə cəhd göstərdim, amma alınmadı. PDF olaraq daha çox məqalələr oxuya bilərəm.

- Sosial şəbəkədə aktiv birisiniz. Sizcə, sosial şəbəkə kitabı üstələyə bilir?

- Bəli. Bizi məhv edən sosial şəbəkələrdir. Fikirlərimi, düşüncələrimi çatdırmaq baxımından sosial şəbəkə maraqlıdır, iş həyatım üçün vacibdir. Amma məncə, sosial şəbəkə həm yaradıcılığımızı, həm də mütaliəmizi məhdudlaşdırır. Doğrudur, bəlkə də zamanın təsiridir. Daha çox qısa informasiyalara üstünlük veririk. Böyük əsər oxumaq, film izləmək əvəzinə kiçik məlumatlara vaxt ayırırıq.

Sosial şəbəkə mənim həm bədii, həm də elmi yaradıcılığımda maneədir. Fikrimcə, bu hal tək məndə özünü göstərmir. Rüstəm Behrudi ilə hər dəfə danışanda ona deyirəm ki, hərdən bir bənd şeirini paylaşır. Düşünürəm ki, feysbuk olmasaydı, o şeirlərin davamı yazılacaqdı, daha çox oxunacaqdı.

- Hansı yazar ruhunuzu doyurur?

- Mənim üçün üç böyük yazıçı və şair var. Nəyəsə əsəbləşəndə Nəsimi, Hüseyn Cavid və İsa Muğannaya üz tuturam. Hüseyn Cavidin şeir yaradıcılığı, dramaturgiyası təsir edir, İsa Muğannanın yazdığı "Cəhənnəm" , "GurÜn", "Qəbristan" əsərləri diqqətimi cəlb edir. Düşünürəm ki, onlar yazmaq istədiklərimi yazıblar.

- Sizcə, hansı yazar bu günü qələmində ifadə edir?

- Bəzi yazarlara günümüzün şairi, yazıçısı da demək olur, bəzilərinə 100 ilin yazarı demək olur. Nizami Gəncəvi, Füzuli bütün dövlərin şairləridir. Əliağa Vahid yüz illiyin şairidir, dövrünün sənətkarıdır.

Müasir ədəbiyyatımızda şeir yaradıcılığı baxımından Qismət Rüstəmovu çox bəyənirəm, yanaşma tərzi fərqlidir. Rüstəm Behrudi mənə görə zamanın şairidir. O, ideoloji baxımdan, Qismət də fəlsəfi baxımdan üstündür.

Amma günümüzün yazarından danışsaq, dedektiv yazarlar önə çıxacaq. Doğrudur, dedektiv baxımdan ədəbiyyatımızda münasibət fərqlidir. Sırf dedektiv deyil, içində məzmun və ideya var. Məsələn, kriminal hadisələrin açılması ilə bağlı bir şey yazırsan, bu, bir atımlıq barıtdır. Elxan Elatlının "Qan ləkəsi" romanı dedektivdir, amma tarixi romandır. Bunu digər əsərlərində də görə bilirik, məhsuldar yazardır.

Bugünkü yazıçılarımızın əksəriyyəti zamana uyğunlaşa bilmir. Məsələn, Vüqar Zifəroğlu "Sirr" romanını yazdı, dayandı. Şərif Ağayar davamlı yazır. Amma bir çox yazarlar yazırlar, sonra fəaliyyətləri qırılır. Kassiklərimizdən Anar da eləcə. Məsələn, Aqil Abbas "Dolu" romanından sonra dayandı. Şeirlə müqayisədə, roman, hekayə vaxt tələb edir. Onun üçün xeyli düşüncəyə, zamana ehtiyac olur. Çingiz Abdullayev çox məhsuldardır. Bu günün tələbinə cavab verən sənətkarın adını çəkməyə çətinlik çəkirəm.

Bu günlə səsləşən yazarların essesi, publisistik yazılarından danışsaq, Qan Tural, Şərif Ağayarın adını çəkmək olar. Rövşən Abdullaoğlu bu günün tələbinə cavab verə bilir. Müasirliyi araşdırmaqla yanaşı, yerli oxucuya xitab edə bilir. Biz yazarlar milli, regional düşünürük, yazdığımız başqa ölkənin ədəbiyyatı üçün marağı olmur. Amma Rövşən Abdullaoğlu dünya ədəbiyyatından xəbərdardır, uyğunlaşmağı bacarır.

- Özünüz qələmlə nə vaxtdan dostlaşdınız?

- Çoxdan dostam, amma hərdən aramız dəyib, soyuyur. Xatırlayıram, 1990-cı ilin 20 Yanvar hadisələrində ilk şeirimi yazmışdım, "Ana" şeiri idi. 2003-cü ildə ilk kitabım çıxıb. 2003-dən yardıcılıqla məşğul olmağa başladım.

Dünyada da belədir, gənc yaşlarında, hər şeyə təəccüblənən dövrlərində hər kəs nəsə yazır. Amma bəziləri davam etmir.

- Sonuncu dəfə nəyi yazmısınız?

- Sonuncu dəfə bədii əsər olaraq fantastik məzmunda "Yuxu maşını" yazmışam, 2 il əvvəl çap olunub. Kiçik romandır. Amma işim çətindir. Hərdən özüm özümə deyinirəm, həm müəlliməm, həm iş adamı, həm də yazarlığım. Bunlar arasında əziyyət çəkirəm.

Son dövrlərdə elmi-bədii yaradıcılıqdan çox pedaqoji yaradıcılığa üstünlük verirəm. Hərdən şeir yazıram, amma özüm üçün telefonda saxlayıram.

- Sandıq ədəbiyyatınızı kiminlə paylaşırsınız?

- Elə bir gizli sandıq ədəbiyyatım yoxdur. Adətən yeri düşəndə, mövzu açılanda dost məclisində paylaşıram. Amma sözsüz ki, ilk oxucum həyat yoldaşım Zülfiyyə xanımdır. Yazdığım bitmədən də düzəldə-düzəldə oxuyuram. Amma elə şeylər var ki, vəziyyətə görə dəyişə bilir.

- Bayaq qeyd etdiniz ki, yazarlarımız yerli ədəbiyyata fokuslanırlar, dünya ədəbiyyatını nəzərə alımırlar. Özünüz dünya ədəbiyyatına çıxmağa cəhd göstərmisiniz?

- Səməd Vurğun, Məmməd Araz böyük şairdir. Amma biz onu tərcümə etsək, Avropada çox insan cəlb edə bilmərik. Amma Hüseyn Cavidi oxuyub, kütlə cəlb etmək olar. Səlim Babullaoğlu müasir yazarlarımızdandır, dünya ədəbiyyatı ilə ayaqlaşa bilər. Bizim bədii ədəbiyyat nümayəndələrində yanlış bir qavram var, elə bilirik ki, dünya ədəbiyyatına çıxmaq üçün xarici dilli obrazlardan, xarici şəhərdən yazsaq, avropalıların xoşuna gələcək. Amma avropalının bu xoşuna gəlməyəcək.

Biz Xalid Hüseynini, Umberto Ekonu niyə sevirik? Özünü yazıb. Populist düşüncədə olan gənclər deyirlər ki, onun kimi yazım, məni də sevsinlər. Əslində, avropalı deyir ki, mənim bundan varımdır, fərqlisini axtarıram.

Bütün əsərlərim Azərbaycançılıq, millilik üzərində qurulub, ən yaxşı halda türk dünyası üçün maraq ola bilər. "Ümidlərin izi ilə" çap olunduqdan sonra rus dilinə də tərcümə olundu. Onda düşündüm ki, bu kitab Çilidə bir oxucunun niyə xoşuna gəlsin ki? Afrikada bir adam bunu niyə oxusun ki?

Azərbaycan-erməni münasibətlərindən bəhs edir, insan taleyindən çox birtəfəli yanaşırsan, problemləri qabardırsan. Çünki mən Azərbaycanı təmsil etməliyəm, tərəfkeşlik var. Amma indi özüm də bundan çıxmağa çalışıram. Həmişə Qurban Səidin "Əli və Nino" əsərini nümunə gətirirəm, dünyaca tanınır, onlarca dilə tərcümə olunub. Biz deyirik ki, əsərdə erməni qızı tənqid edilsin, iç üzü aşkarlansın. Amma yazıçı ustalıqla müsbət obraz yaradıb və əsərin sonunda sübut edir ki, erməni xisləti budur.

Halbuki o, yalnız erməninin Əlinin başına gətirdiklərini qabartsa, heç kim üçün maraqlı olmaz, orada insan taleyi, xristian-müsəlman evliliyi var. Yaxud Hüseyn Cavidin "Şeyx Sənan"ı.

Biz birtərəfli yanaşırıqsa, bu, oxucuya maraqlı olmur. Amma mən "Yuxu maşını", "Arvadsız hekayələr" toplumda bu məqamları ata bildim, daha ustalıqla öz dərdimi çatdırmağa çalışdım. Bəxtiyar Vahabzadənin 1990-cı illərdə yazdığı şeirlərin millətin ruhunu yüksəltdi. Amma dünyanın marağını çəkmək üçün daha soyuqqanlı ədəbiyyat yaratmalıyıq.

Bu o demək deyil ki, Avropada necə yazırlarsa, mən də elə yazım. Xarakterini ortaya qoymalısan. Məsələn, "Arşın mal alan" tamaşası Amerikada maraqla izlənir. Şərqdə "Arşın mal alan"ın ifadə etdiyi həyat tərzi var. Amma Amerika həyatından yazılan əsər maraqlı deyil. Biz yaza olaraq yerli və milli çərçivədən çıxmalıyıq.

- Özünüz oxucu rəylərini növbəti əsərlərdə nəzərə alırsınız?

- Xarakter olaraq müəllimliyə vaxt ayırdığım üçün oxucu rəyləri mənə maraqlı olur. Hər zaman əsər yazanda maarifləndirməni qarşıma məqsəd qoyuram. "Yazıçıyam, ürəyim istəyir, belə yazıram" demirəm. Düşünürəm ki, yazdığım kimə nə verəcək?

Əxlaqi mövzular, intim məsələri yazmıram, müəllim ruhum imkan vermir. Bu baxımdan, oxucu rəyləri mənə görə önəmlidir. Oxucu ilə razılaşmadığım məqamlar da çoxdur. Tənqid olunmaq üçün yazılır ki, daha çox oxunsun.

- Hansı oxucu rəyi xüsusilə yadınızda qalıb?

- Çoxdur. Eltən Törəçi "Dəlilər" romanımı oxumuşdu. Zəng edəndə ağlayırdı. Deyəsən, həmin ərəfədə yaxın qohumunu itirmişdi, kitab kafesində həmin kitabı oxumuşdu. Axşam yarım saata qədər zəng edib kitab haqqında fikirlərini bölüşmüşdü.

Tahir Əhmədov "Ümidlərin izi ilə" romanımı oxumuşdu, söhbət əsnasında öyrəndi ki, romanın müəllifi mənəm. Yerindən qalxıb dedi ki, bu nə romandır yazmısan? Mən kişi olaraq özümə nifrət etdim, yaşamağımdan utandım. Şəxsiyyətimə toxunursan.

Adam elə tənqid etdi ki, yazırsınız, adamı ruhdan salırsınız, torpağımız işğal altındadır, bunu oxuyan müharibəyə gedər? Doğrudan mənə təsir etdi, düşündüm ki, ruh verməlisən.

Belə rəylər çox olur. Ciddi şəkildə tənqid aldığım alimimiz Nazim Muradov var. Onun fikri mənim üçün önəmlidir, "Dəlilər" romanımı oxumuşdu. Bir gün mənə tənqidi ilə bağlı 16 səhifəlik mətn göndərmişdi. Əsərin məzmununu bəyənmişdi, korrektə xətalarını qeyd etmişdi. Dedim bunu mətbuata vermirsiniz? Dedi yox, sənin üçün yazmışam. O tənqid hələ də arxivimdə durur.

- Sizdən oxucu nəyi tələb edir?

- Bu gün oxucular türkdilli əsərlər oxuyur. İstər yerli, istər xarici ədəbiyyatı türk dilində oxuyurlar. Çünki daha ucuz başa gəlir. Mağazalarda oxucular üçün sorğu göndərmişik. Oxucuların son vaxtlar oxuduğu əsərlər motivasiya xarakterli, fərdi inkişaf əsərləridir, müəyyən kütlə dedektiv əsərlər oxuyur.

Arada sevinirəm ki, elmi-publisistik əsərlərə maraq artıb. Gənclik oxuyur, "oxumur" desək haqsızlıq olar. Artıq klassik ədəbiyyat maraqlı deyil, gənclik müasirlik tələb edir. Bu gün oxucu daha yüngül əsərlər istəyir, ağır əsərlərə meyl yoxdur.

- Sizcə nəşriyyat evləri necə qurumalıdır? Müasir dövr nəyi tələb edir?

- Bizdə nəşriyyatlar hələ ki, ixtisaslaşmayıb. Nəşriyyatlar hər şeyi çap edir. Çox az nəşriyyat tapa bilərsən ki, məsələn, bu, uşaq nəşriyyatıdır. İxtisaslaşma olmadığına görə nəşriyyatların quruculuq prosesləri ağır gedir, bu da oxuculuğun zəif olması ilə nəticələnir. Bu gün nəşriyyatın problemləri nədən başlayır? Naşir nəşriyyat elmini bilmir. Sahibkar bilməyə bilər. Amma naşir korrektə, redaktə, tərtibat, dizayn - bunların hamısından məlumatlı olmalıdır.

Bir dəfə Əkbər Qoşalı zəng etdi ki, türk dünyasından gənclər gəlib, biz istəyirik sizin nəşriyyatı gəzsinlər. İndi mən buna necə izah edim ki, bizim nəşriyyatda 3-4 nəfər adam kitab yazır, tərtibatla məşğuldur? Amma beynəlxalq nəşriyyatlarda redaktorlar ayrı mərkəzdədir, dizaynerlər ayrı mərkəzdədir.

Bizdə son 5-10 ildə nəşriyyat yox, mətbəə başa düşülür. Bu, mətbuatda ayrılsa da, kitab dünyasında qarışıqdır. İnsanlar nəşriyyatla mətbuatı ayıra bilmir. Bu baxımdan təklif etmişik ki, "Bir naşirin stolüstü kitabı" hazırlansın. Nəşriyyatda hansı vəzifəni daşıyan adamlar olmalıdır? Nəşriyyatların silsiləsinə baxanda, görmək olar ki, orada bir nəfərin işi sadəcə kitabı oxumaqdır. Biri sadəcə redaktə edir, biri sadəcə korrektə edir. Bizdə bir nəfər bütün işi görür. Kitab marketinqi ölü vəziyyətdədir.

Mən də nəşriyyatımıza peşəkar kitab satış meneceri axtarıram ki, işi ona həvalə edəm. Kitab sərgilərində nəşriyyat direktorları menecerlik edir. Satış müdiri olmalıdır, amma ona ayrılan nə maliyyə var, nə də peşəkar kadr. Çox az nəşriyyat olar ki, desin, xüsusi məsləhətçisi var.

Nəşriyyatlarımız ancaq kitab tərcümə etmək, köhnə kitabları kiril əlifbasından latın qrafikasına keçirməklə məşğuldurlar. Nərşiyyatın proekti olmalıdır. Bu, elmdir. İndi nəşriyyatlar qurultayına hazırlaşırıq. Orada tərcümə, naşirlik, dizaynerlik, kitab rəssamlığı yer alacaq.

Bu gün kitab rəssamları tapa bilmirik. Nəşriyyatçılığımızda problemlər çoxdur. Nəşriyyatlarla bağlı fəaliyyət planı olmalıdır, Mədəniyyət Nazirliyi buna diqqət ayırmalıdır. Yazıçılarımız nə gündədirsə, naşirlərimiz də o gündədir.

- Kitabçılıq həm də bir ticarətdir. Ölkədə kitab ticarətini önə çıxarmaq üçün hansı təklifləriniz var?

- Kitab ticarətinə milli baxış olmalıdır. Kitabdakı gəlir ölkəmizdə digər sektorların gəlirindən çox aşağıdır. Bu baxımdan şəhərdə yaxşı mağazaların fəaliyyətinə kitab sektoru tab gətirə bilmir. Brend paltar mağazasında xərclədiyi pulu kitab mağazasında xərcləyə bilmir. Kitabın reklamı yoxdur, büdcə yoxdur.

Kitab marketinqinin inkişafı üçün dövlətin dəstəyi olmalıdır. Doğrudur, kitablar ƏDV-dən azad olundu, bu, böyük dəstəkdir. Mən 2-3 il əvvəl Mədəniyyət Nazirliyinə təklif vermişdim, bu gün də vasitənizlə o təklifi yenidən dilə gətirirəm. Ölkəmizdə 1500-ə yaxın kitabxana var. Rayonlarda 50 normal kitab mağazası özəl sektorla birgə işlədilməli, bölgələrimizdə kitablar əlçatan olmalıdır.

Bu gün bölgələrdə dərs vəsaitlərini çətinliklə tapırıq. Kitab oxuyanın olmasını istəyiriksə, Mədəniyyət Nazirliyi rayon kitabxanaları ilə birgə kiçik satış mərkəzləri müəyyənləşdirib, nəşriyyatlardan mütəmadi olaraq kitab mağazaları almalıdır. Yaxud kitab mağazasının açılmasına təşviqlər olunmalıdır. Məsələn, mağazanı aç, bir illik icarə haqqı dövlət tərəfindən ödənilir.

Ölkədə normal fəaliyyət göstərən 5-6 kitab mağazası var ki, böyük məmurlara məxsusdur. Məktəb kitabxanaları işləmir, müəllimlər şagirdləri oxu mərkəzlərinə göndərmir. Mədəniyyət Nazirliyi hər nəşriyyatdan 50 kitab alır, amma kitabxanalara getmir. Dünyada kitab gəlirlilik, mənfəət baxımından ilk onluqda yer alır, amma bizdə yoxdur.

- Oxucularımıza hansı kitabı mütləq oxumağı tövsiyə edirsiniz?

- Gene D. Matlok "Ey insanlar, hamınız türksünüz", Joze Samamaqonun "İsanın İncili", Mark Tvenin "Adəmin gündəliyi, Həvvanın gündəliyi", Hüseyn Cavidin "İblis", "Şeyx Sənan", İsa Muğannanın "Cəhənnəm", "GuÜn" əsərləri mütləq oxunmalıdır. Bununla yanaşı, xatirə, memuar ədəbiyyatına üz tutulmalıdır. Əziz Nesinin xatirələri çox maraqlıdır. Məhəmməd Səid Ordubadinin "Qılınc və Qələm" əsəri tariximizi yaxşı dərk etməyə kömək edir.

Kitab zövqə uyğun dəyişir, yaş dövrü burada rol oynayır. Kitab tövsiyəsi auditoriyaya görə də fərqlənir.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov