6 İyul 2022 14:42
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib

Bu barədə Teleqraf.com Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

İmtahan 12 şəhər və rayonda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda 70 imtahan binası, 1242 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 imtahan rəhbəri, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda 16620 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

7 iyul saat 15:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

Bu gündən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli və buraxılış vərəqi) bağlı diqqətli olsunlar.

Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

08:28

Bu gün – iyulun 6-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanacaq. Onun başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar binaya buraxılmayacaqlar.

Kütləviliyin qarşısının alınması məqsədilə iştirakçılar üçün binaya müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də binaya buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

İmtahan keçirilən şəhər və rayonlarda 70 bina, 1242 zal ayrılıb. İmtahanların idarə olunmasına 70 ümumi imtahan rəhbəri, 206 rəhbər, 1556 nəzarətçi–müəllim, 202 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi ayrılıb.

İmtahanda 16 min 620 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 15 min 159 nəfər Azərbaycan, 1461 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 3 min 950 nəfəri oğlan, 12 min 670 nəfəri isə qızdır. 14 min 784 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 1580 nəfər əvvəlki illərin məzunudur. Onlardan 32 nəfəri ali təhsil müəssisələrinin, 224 nəfəri isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Əlli bir abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün binalarda ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 21 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Müəllif: Teleqraf.com