Binəqədi rayonu 7-ci mikrorayon S.S. Axundov küçəsindəki ‘‘Union Park" Yaşayış Kompleksinin həyəti sakinlərin hesabına abadlaşır.
“Union Park” Yaşayış Kompleksinin ümumi yığıncağı ilə seçilmiş ağsaqqallar şurasının sədri Natiq Babayev aparılan işlər barədə Teleqraf.com-a danışıb.
O bildirib ki, yeni mənzil məcəlləsinə görə, sakinlər özlərinin idarəçiliyi ilə əlaqədar “Binəqədi 23” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaradıblar: “Yeni mənzil məcəlləsinə görə, bu mülkiyyət hər bir sahə mülkiyyətçisinin payıdır. Belə komplekslər dövlət büdcəsindən maliyyələşmir, ona görə də binanı sakinlər özləri saxlamalıdır. Bacarığı olmayanlar binanın idarəçiliyini ələ keçirmişdilər. Binada təşəbbüs qrupu yaratdıq və vicdanlı ödəyicilərin iştirakı ilə ümumi yığıncaq keçirib yeni idarə heyəti seçdik. Eyni zamanda binanın ağsaqqallar şurasını da yaratdıq. Bu gün binamız “Binəqədi 23” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyəti tərəfindən idarə olunur”.
Natiq Babayevin sözlərinə görə, sakinlər öz vəsaitləri hesabına həyəti abadlaşdırır: "Bizim idarəçiliyimiz dövründə demək olar ki, sakinlərin 90 faizi pulları ödəməyə başladılar. Hətta 2020-21-ci illərin borclarını belə, ödədilər. Ancaq hələ də istər qeyri-yaşayış, istərsə də yaşayış mülkiyyətçiləri arasında ödəmədən yayınanlar var, qalanları vicdanlı ödəyicilərdir. İnsanları qınamıram, çünki uzun müddət yığılan pulların hara xərclənməsi barədə şəffaf məlumat verilməyib. Amma yeni idarə heyəti yalnız mülkiyyətçilərdən seçilib və bu binanı yalnız sakinlər idarə edir.
Gördüyümüz işlərin nəticəsində binanın həyətində besetkalar, uşaqlar üçün yelləncəklər, sakinlərin istirahət etməsi üçün skamyalar qurulub, daima yaşıl ağaclar əkilib. İllərlə binanın ehtiyat su anbarı dezinfeksiya olunmurdu, insanlar demək olar ki, çirkab sudan istifadə edirdi. Amma ötən gün idarə heyətinin qərarı ilə aidiyyəti dövlət qurumları binaya dəvət olundu və həmin su hövzəsi yuyulub təmizləndi, dezinfeksiya olundu. Sudan nümunə götürüldü, hazırda su tam yararlı vəziyyətdə mənzillərə verilir.
Binanın elektrik təsərrüfatı çox pis durumda idi, onlar da Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbərliyinin köməkliyi ilə tam təmir olundu. Binanın uzun illər yığılıb qalmış enerji borcları da tam ödənildi. Binada təbii qazla bağlı problem yoxdur. Ev bizim olduğu kimi, onu qorumaq da üzərimizə vəzifədir. Ağır Qarabağ müharibəsindən çıxmış bir ölkə bütün yeni tikililərin yükünü öz üstünə çəkə bilməz. Ona görə də vətəndaş olaraq bu işdə dövlətimizə dəstək olmalıyıq”.
Natiq Babayev hesab edir ki, ödənişlər normal olsa, binanı saxlamaq üçün kifayət qədər potensial var: “Ödəniş etməyən sakinlərə qarşı yalnız məhkəmə qaydasında mübarizə aparmaq olur ki, bu da aylarla vaxt aparır. Bundan istifadə edən sakinlər ödənişdən yayınırlar. Bununla bağlı Ədliyyə Nazirliyinə bəzi təkliflər vermişəm, hesab edirəm ki, bu proseduralar sadələşməlidir. Qanunda boşluqlar var. Fiziki məhdudiyyətli uşağın anası, pensiyaçı, müəllim ödəniş edir, amma bir iş adamı ödəmir.
Bu yığılan pullar kommunal xərclər deyil, ümumi əmlak olan binanın saxlanma xərcləridir. İdarə heyətinin tərkibində qadınlar da təmsil olunur. Onlar aylıq ödənişdən yayınanların qapısına gedib “biz ödəyirik, siz niyə ödəmirsiz” sualını verirlər. Bloklara siyahılar vururuq. Çalışırıq ki, ictimai qınaqla problemin həllinə təsir edək.
Aylıq ödənişə gəlincə, bu çox yüksək məbləğ deyil. Hər kvadratmetr üçün 0,32 AZN hesablanır. Düşünürəm ki, bu, ən aşağı qiymətdir. Amma bu vəsait əlavə mənbələr cəlb etməklə, borcları yığmaqla binanı saxlamağa kifayət edir. Sakinləri yükləməmək üçün binaya əlavə xidmətlər cəlb etmişik. Əvvəllər internet provayderi sakinlərdən külli miqdarda pul qazanırdı, amma bir manat ödəmirdi. İndi həmin pul sakinlərin büdcəsində qalır”.